FƏNN OLİMPİADALARININ RESPUBLİKA TURUNUN QALİBLƏRİ MÜKAFATLANDIRILMIŞDIR
AZƏRTAC xəbər verir ki, mayın 22-də Təhsil Nazirliyində orta məktəb şagirdləri arasında keçirilən fənn olimpiadalarının respublika turunun qalibləri mükafatlandırılmışdır. Tədbirdə çıxış edən nazir Misir Mərdanov qalibləri təbrik edərək Prezident İlham Əliyevin Azərbaycan təhsilinin inkişafına göstərdiyi diqqət və qayğıdan danışmışdır.
M.Mərdanov vurğulamışdır ki, IX, X, XI sinif şagirdləri arasında keçirilən 3 turdan ibarət olimpiadanın son mərhələsində 1112 nəfər məktəbli iştirak etmişdir. Yeddi fənn (Azərbaycan dili və ədəbiyyat, Azərbaycan tarixi, riyaziyyat, informatika, kimya, bialogiya və fizika) üzrə keçirilmiş olimpiadada ümumilikdə 400 mindən çox şagird qüvvəsini sınamışdır. Bu bilik yarışında birinci yeri tutan XI sinif şagirdləri buraxılış imtahanlarından azad ediləcəklər.
Bildirilmişdir ki, münsiflər heyətinin yekdil rəyi ilə 25 şagird 1-ci, 46 məktəbli 2-ci və 88 nəfər isə 3-cü yeri tutmuşdur. Olimpiadanın yekun turunda Bakı, Sumqayıt, Gəncə şəhərlərinin, Şəmkir, Tovuz, İsmayıllı, Balakən, Zaqatala, Qax, Salyan, Ucar və Füzuli rayonlarının şagirdləri fəal iştirak etmişlər.
Misir Mərdanov qeyd etmişdir ki, bu bir ənənədir və bundan sonra da hər il məktəblilər arasında fənn olimpiadaları keçiriləcəkdir.
Sonda qaliblərə fəxri fərman, medal və qiymətli hədiyyələr təqdim edilmişdir.
