SİYASƏT
Ferenk Papsak: Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı beynəlxalq hüquqa daban-dabana ziddir
Bakı, 13 dekabr (AZƏRTAC). Macarıstan Milli Assambleyasının üzvü, Macarıstan-Azərbaycan dostluq qrupunun sədr müavini Ferenk Papsak Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair suallarını cavablandırmışdır.
F.Papsak demişdir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrindən irəli gələn tələblərdən uzun müddət boyun qaçırmaq olmaz. Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycanın legitim və dünya ictimaiyyəti tərəfindən qəbul olunmuş əraziləridir. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı isə beynəlxalq hüquqa daban-dabana ziddir. Bu da Ermənistan hərbi qüvvələrinin Dağlıq Qarabağ və ona bitişik rayonlardan tamamilə çıxmasını tələb etməyə əsas verir.
Dostluq qrupunun sədr müavini bildirmişdir ki, artıq 20 ildir beynəlxalq ictimaiyyət Ermənistandan hərbi qüvvələrini Azərbaycan ərazilərindən çıxarmasını tələb edir. Amma bunun heç bir nəticəsi görünmür. Əksinə, Ermənistan Dağlıq Qarabağda Xocalı aeroportunu işə salmaq istəyi ilə və işğal altındakı ərazilərdə qondarma prezident seçkiləri keçirməklə beynəlxalq ictimaiyyəti qıcıqlandırır. Avropa İttifaqı dəfələrlə bəyan etmişdir ki, bu “seçkilər” münaqişənin sülh yolu ilə həllinə çalışan beynəlxalq ictimaiyyətin işinə əngəl törədir.
F.Papsak vurğulamışdır ki, Ermənistanın işğalçılıq siyasəti BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 nömrəli qətnamələrlə mühakimə olunaraq BMT Nizamnaməsinin ikinci maddəsinə əsasən beynəlxalq hüququn pozulması kimi qeydə alınmışdır.
Dostluq qrupunun sədr müavini qeyd etmişdir ki, Dağlıq Qarabağ Azərbaycan Respublikasının ayrılmaz hissəsidir. 2005-ci ildə Avropa Şurası da bununla bağlı müvafiq qətnamə qəbul etmişdir. 2010-cu ildə Avropa Parlamenti Ermənistan silahlı qüvvələrinin işğal altında olan Azərbaycan ərazilərindən çıxmasını tələb etmişdir. Bu tələb hələ də qüvvədədir. Avropa İttifaqı Dağlıq Qarabağda və digər işğal olunmuş torpaqlarda həllini tapmamış ərazi probleminə nöqtə qoymaq üçün öz tərəfdaşları ilə birgə bütün vasitələrə əl atmalıdır.