DÜNYA
Fergüsonda vəziyyət gərginləşir
Vaşinqton, 18 avqust (AZƏRTAC). Amerikanın Missuri ştatındakı Fergüson şəhərində polislə nümayişçilər arasında toqquşmalar davam edir. İctimai etirazlar avqustun 9-da, Afrika mənşəli on səkkiz yaşlı zənci Maykl Braun müəmmalı şəraitdə Fergüson şəhərinin polis zabiti tərəfindən güllələndikdən sonra başlanıb.
Şəhər polis qərargahından verilən məlumata əsasən, “911” xilasetmə xidmətinə yerli mağazadan oğurluq edilməsi barədə məlumat daxil olub. Şübhəli şəxsin xarici görünüşü Maykl Braunun xarici görünüşü ilə uyğun gəlirdi. Şəhər polis rəisinin məlumatına görə, Braun polisə tabe olmayıb və onun silahını ələ keçirməyə cəhd göstərib, bundan sonra polis onu güllələyib. Yeniyetməni öldürən şəxs iyirmi səkkiz yaşlı zabit Daren Uilsondur. Onun şəxsiyyəti yalnız iki gün əvvəl elan edilib, çünki polis nümayişçilərin reaksiyasını və zabitin ailə üzvlərinin təhlükəsizliyini nəzərə almalı olub.
Hadisənin şahidləri isə iddia edirlər ki, öldürülən yeniyetmə əvvəlcə dayandırılıb və polisin əmrindən sonra əllərini qaldırıb, lakin buna baxmayaraq, heç bir əsas olmadığı halda zabit onu öldürüb. Həmin gündən ştatın qubernatoru və şəhər administrasiyası şəhərə hərbiləşdirilmiş polis hissələri daxil edib. Ötən şənbə günü bir neçə mağaza hücuma və qarətə məruz qalıb.
Son 24 saat ərzində burada vəziyyət xeyli gərginləşib. Şəhərdə komendant saatı tətbiq edilməsinə baxmayaraq, polislə nümayişçilər arasında toqquşmalar davam edir. Müxbirin hadisə yerindən verdiyi məlumata görə, avqustun 17-də gecə saat 12-də komendant saatı elan olunduqdan dərhal sonra oraya 200 nəfər toplaşıb. Günün ikinci yarısında isə nümayişçilər polislərə “Molotov kokteylləri” atıblar. Polis iddia edir ki, artıq avqustun 17-də axşam nümayişçilər odlu silahdan istifadə etməyə başlayıb və bundan sonra (hərçənd, nümayişçilər onların hər hansı odlu silahdan istifadə etmədiyini bildirirlər) polis işçiləri gözyaşardıcı qazdan və rezin güllələrdən yararlanıb.
Braunun ailəsi tərəfindən tutulmuş müstəqil məhkəmə müstəntiqi meyitin yarılmasının nəticələrini elan edib. Onun sözlərinə görə, Maykl Braun 6 güllə ilə öldürülüb, güllələrdən ikisi onun başına dəyib. Şəhər sakinləri ehtiyat edirlər ki, bu məlumatlar Fergüsonda vəziyyəti daha da gərginləşdirə bilər.
Toqquşmalar davam edərsə, 1992-ci ilin aprelində Los-Ancelesi iflic edən ictimai iğtişaşlar Fergüsonda da yarana bilər. Xatırladaq ki, 1991-ci il martın 3-də qaradərili Rodni Kingin idarə etdiyi avtomobil sürət həddini aşdığına görə həbs edilərkən polislərə müqavimət göstərdiyi üçün dörd ağdərili polis onu döymüş, 1992-ci il aprel ayında isə andlılar məhkəməsi həmin polislər barəsində bəraət hökmü çıxarmışdı. Bundan sonra Los-Ancelesdə başlanan iğtişaşlarda 53 nəfər həlak olub.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton