Fermerlər pestisidlərdən səmərəli istifadə sahəsində maarifləndirilir
Quba, 4 may, Elxan Yusifli, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi Qubada fermerlər üçün meyvə bağlarında “Zərərvericilərin inteqrir idarə olunması” üzrə təlimlərə başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təlimlər nazirliyin həyata keçirdiyi Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi çərçivəsində təşkil edilib. Layihənin icrası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti tərəfindən həyata keçirilir.
Təlimlərdə fermerlərə pestisidlərdən səmərəli istifadə etmək, hektara düşən "pestisid yükünü" azaltmaq öyrədilir. Bu biliklər sağlam və təhlükəsiz, rəqabətqabiliyyətli məhsul əldə etməklə yanaşı, ətraf mühitin çirklənməsini minimuma endirməyə, mövcud ekoloji problemləri aradan qaldırmağa zəmin yaradacaq.
Sahə nümayişi ilə müşahidə olunan ilk təlimdə bildirilib ki, yeni mübarizə üsulları ilə zərərvericilərin tamamilə məhv edilməsi deyil, onların idarə edilməsi, yəni miqdarının iqtisadi cəhətdən ziyan verə biləcəyi həddən aşağı səviyyədə saxlanması nəzərdə tutulur. Mümkün qədər qeyri-kimyəvi mübarizə tədbirləri həyata keçirmək, məcbur olduqda isə ətraf mühit, insanlar və faydalı orqanizmlər üçün təhlükəsiz kimyəvi preparatlar seçmək müasir kənd təsərrüfatının zərərvericilərlə mübarizə üsuludur.
Zərərvericilərə qarşı inteqrir mübarizə üsulları üzrə təlimlər əvvəlcədən müəyyən edilmiş bitkilər üzrə keçiriləcək.
Qubada keçirilən təlimlə yanaşı, kartof bitkisi üzrə Tovuz rayonunda, qarğıdalı bitkisi üzrə Samux rayonunda zərərverici orqanizmlərə qarşı mübarizə təlimləri aparılacaq. Hər bir bitki üzrə vegetasiya dövründən yığımadək 10 təlim keçiriləcək.