Fermerlərin maarifləndirilməsi layihəsinin ilkin mərhələsi başa çatıb
Bakı, 5 aprel, AZƏRTAC
Mart ayında Dövlət Aqrar Ticarət Şirkəti tərəfindən ölkənin müxtəlif rayonlarında fermerlərin maarifləndirilməsi ilə bağlı silsilə təlimlər keçirilib.
Fermerlərin maarifləndirilməsi ilə bağlı təlimin ilk mərhələsi Xaçmaz, Lənkəran, Şəki, Qax və Tovuzda reallaşıb.
Dövlət Aqrar Ticarət Şirkətinin İnformasiya və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-a bildiriblər ki, təlimlər dövlət və özəl qurumların mütəxəssisləri tərəfindən həyata keçirilib. Dövlət Aqrar Ticarət Şirkətinin nümayəndələri yeni bazarlara çıxış imkanları, məhsulların satışında marketinqin və brendləşdirmənin önəmi, aqrar biznesdə qadın sahibkarlığın əhəmiyyəti, Dövlət Gömrük Komitəsinin əməkdaşları “Yaşıl dəhliz” buraxılış sistemi və sadələşdirilmiş ixrac prosedurları, Maliyyə Bazarlarına Nəzarət Palatası və “Paşa Bank”, “Qlobal GAP” təmsilçiləri maliyyə savadlılığı, “Baku Management Consulting and Services” şirkətinin ekspertləri tərəfindən isə məhsulların sertifikatlaşdırılması mövzularında mühazirələr oxunub, müzakirələr aparılıb, iştirakçı fermerləri maraqlandıran suallar cavablandırılıb.
Dövlət Aqrar Ticarət Şirkətinin Layihələrin idarəolunması şöbəsinin müdiri Röyal Şirinov layihənin ilkin mərhələsinin yekunları barədə məlumat verib. Bildirib ki, fermerlərin maarifləndirilməsi layihəsi davam etdiriləcək: “Bir ay ərzində 5 rayonda fermerlərin maarifləndirilməsi layihəsinin ilkin mərhələsi uğurla həyata keçirildi. İnteraktiv şəkildə keçirilən təlim zamanı fermerləri maraqlandıran suallar cavablandırıldı. Keyfiyyətli məhsul istehsalının artırılması, istehsal edilmiş məhsulların satışının və ixracının təşkil edilməsi ilə bağlı məlumatlar fermerlərin diqqətinə çatdırıldı. Fermerlərin layihəyə marağı olduqca yüksək idi. Buna görə də gələcəkdə layihənin digər rayonlarda da təşkilini, mövzuların daha da genişləndirilməsini, eyni zamanda, xarici ekspertlərin layihəyə cəlb olunmasını nəzərdə tuturuq. Bütövlükdə məqsədimiz fermerlərimizin keyfiyyətli məhsul yetişdirilməsi, satış və ixrac sahəsində biliklərinin artırılmasına nail olmaqdır.”