Festivalın ikinci turunda azərbaycanlı şahmatçılar uğurlu nəticələr əldə ediblər
Naxçıvan, 2 may, AZƏRTAC
Naxçıvan şəhərindəki Şahmat Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan “Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalında ikinci tura yekun vurulub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, “A” qrupunda turnirin favoriti olan azərbaycanlı qrossmeyster Eltac Səfərli (2657) iranlı beynəlxalq usta Musavi Seyid Xəlillə (2460) qarşılaşıb. Qara fiqurlarla mübarizə aparan Azərbaycan şahmatçısı qələbə qazanıb. İlk turda heç-heçə edən ukraynalı qrossmeyster Anton Korobov (2678) ikinci turda da xalları yarı bölüb. Bu dəfə o, azərbaycanlı beynəlxalq usta Abdulla Qədimbəylinin (2419) müqavimətini qıra bilməyib. Almaniyalı qrossmeyster İqor Xenkin də (2557) ikinci turu “sülh”lə başa vurub. Alman şahmatçı azərbaycanlı beynəlxalq usta Orxan Abdulovla (2401) heç-heçəyə razılaşıb. Belçikalı qrossmeyster Vadim Malaxatko (2532) ikinci turda aktivinə bir xal yazdırmağı bacarıb. O, azərbaycanlı FIDE ustası Rəvan Əliyevi (2340) məğlub edib.
Azərbaycanlı qrossmeysterlərdən Qədir Hüseynov (2654) bu turda türkiyəli qrossmeyster Sanal Vahapla (2505) heç-heçə etdiyi halda, Nicat Məmmədov (2602) iranlı beynəlxalq usta Tahbaz Araşı (2451) məğlubiyyətə uğradıb.
Hazırda turnir cədvəlinə 2 xalla Eltac Səfərli, Nicat Məmmədov və Aleksey Aleksandrov başçılıq edirlər.
Bu qrupda Naxçıvan Muxtar Respublikasını təmsil edən zəka sahiblərindən FIDE ustamız Pərviz Qasımov (2329) FIDE ustası Aytən Əmrayevanı (2166) məğlub edib. Qrossmeysterimiz Urfan Sevdimalıyev (2397) bu turda ispaniyalı qrossmeyster Oleq Kornevlə (2533) “sülh” bağlayıb. İlk turda heç-heçə edən FIDE ustamız Sadiq Məmmədov (2293) ikinci turda da rusiyalı qrossmeyster Aleksandr Yevdokimovla (2502) xalları yarı bölüb. Beynəlxalq usta Toğrul Həsənzadə (2350) də qrossmeyster Nərmin Xələfova (2256) ilə yarım xala razı olub.
98 şahmatçının mübarizə apardığı “B” qrupunda isə turnir cədvəlinə iki turdan sonra 21 zəka sahibi maksimum xalla başçılıq edir. Sevindirici haldır ki, məhz ilk iki pillədə Naxçıvan şahmat məktəbinin yetirmələri - Əli Hüseynzadə və Sadiq Qarayev qərarlaşıblar.
Beynəlxalq Şahmat Festivalının “C” qrupunda 73 görüş keçirilib. Görüşlər zamanı qara fiqurlarla mübarizə aparan 70 idmançı qələbəyə sevinib, 9 görüş heç-heçə başa çatıb.