REGİONLAR
FHN-in Cənub Regional Mərkəzində şəhid övladları üçün “açıq qapı” günü keçirilib
Bakı, 6 noyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzi tərəfindən Vətən müharibəsi şəhidlərinin övladları üçün Zəfər Gününə həsr olunmuş “açıq qapı” günü keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə şəhid ailələrinin üzvləri, FHN-in regionda fəaliyyət göstərən qurumlarının rəhbərləri, Lənkəran Şəhər İcra Hakimiyyətinin, Lənkəran-Astara Regional Gənclər və İdman, Təhsil idarələrinin, yerli hüquq-mühafizə orqanlarının məsul şəxsləri iştirak ediblər.
Tədbirin açılışında Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Zəfər Günü münasibətilə təbriklərini çatdıran FHN-in Cənub Regional Mərkəzinin rəisi polkovnik-leytenant Müsəddiq Əsədov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsində qazanılan tarixi Qələbənin əhəmiyyətindən danışaraq, Böyük Zəfərin güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi sayəsində qazanıldığını iftixar hissi ilə dilə gətirib.
Lənkəran Şəhər İcra Hakimiyyətinin Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili Şöbəsinin müdiri Ramal Baxşızadə 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının nümayiş etdirdiyi birlikdən və xalqımızın mübarizə əzmindən söz açıb, əsgər və zabitlərimizin qəhrəmanlıqlarını qeyd edib.
Şəhid atası Fəttah Xosrofov ölkə rəhbərliyinin şəhid ailələrinə diqqət və qayğısından danışıb, gənclərin Böyük Zəfərin əldə olunmasındakı rolundan bəhs edib. O, Vətən müharibəsi şəhidlərinin övladları üçün bu kimi tədbirlərin təşkilinə görə təşəkkürünü bildirib.
“Açıq qapı” günündə uşaqlara Cənub Regional Mərkəzinin xilasediciləri və Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri tərəfindən xilasetmə və yanğınsöndürmə texnikası və avadanlıqları təqdim olunub, uşaqların sualları cavablandırılıb. Xilasedicilərin nümunəvi təlimi uşaqlarda böyük marağa səbəb olub. Həmçinin uşaqların vətənpərvərlik mövzusunda çıxışları maraqla izlənilib.
Tədbirin sonunda uşaqlara hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.