FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti pambıq tədarükü zamanı yanğın təhlükəsizliyinə dair maarifləndirmə tədbirləri keçirib




Bakı, 2 noyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti respublikada pambıq tədarükü zamanı yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində silsilə maarifləndirmə tədbirləri keçirib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu çərçivədə, Xidmətin əməkdaşları tərəfindən “MKT İstehsalat Kommersiya” MMC-nin Yevlax pambıq qəbulu məntəqəsində və Zərdab rayonundakı xam pambığın əkilib becərilməsi, tədarükü və emalı zavodunda, “P-Aqro” MMC-nin Ucar rayonundakı pambıq emalı zavodunda, Zərdab, Kürdəmir və Yevlax rayonlarındakı pambıq qəbulu məntəqələrində, “Kürdəmir-pambıq“ ASC-nin pambıq emalı zavodunda yanğın təhlükəsizliyinə dair maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərdə həmin müəssisələrin əməkdaşları iştirak ediblər.
“Pambıq tədarükü və emalı zamanı yanğın təhlükəsizliyi tələbləri” mövzusunda keçirilən tədbirlərdə xam pambığın yığılmasına, daşınmasına və emalına cəlb olunan kənd təsərrüfatı maşınlarının ilkin yanğın və qığılcım söndürmə vasitələri ilə təmin edilməsinin vacibliyi diqqətə çatdırılıb. Həmçinin tədbir iştirakçıları pambıq tarlalarının, pambıqqurutma meydançalarının ərazisində və yaxınlığında tonqal qalanmasının, açıq oddan istifadə edilməsinin, siqaret çəkilməsinin müvafiq normalara zidd olması barədə məlumatlandırılıb. Eyni zamanda, su mənbələrinə müvafiq yolların salınmasının, hovuzların yanında avtomobillərin manevr etməsi üçün meydançaların olmasının zəruriliyi də müəssisələrin səlahiyyətli şəxslərinin diqqətinə çatdırılıb.