FHN-in Şimal-qərb Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqi təşkil edib




Bakı, 25 iyun, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal-qərb Regional Mərkəzinin təşkilatçılığı ilə Qobustan rayonunun hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə nümunəvi mülki müdafiə məşqi keçirilib.
Nazirliyin İctimaiyyətlə əlaqə idarəsindən AZƏRTAC-a verilən məlumata görə, “Fövqəladə hadisələr zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələrinin xəbərdarlıq toplanışı üzrə nümunəvi mülki müdafiə məşqi” mövzusunda keçirilən nümunəvi məşqə ümumilikdə rayonda fəaliyyət göstərən 13 idarə, müəssisə və təşkilatdan 155 əməkdaş və 31 texnika cəlb edilib.
Məşqin keçirilməsində məqsəd ərazi mülki müdafiə qüvvələrinin fövqəladə hallara operativ reaksiyavermə hazırlığı səviyyəsinin yoxlanılması və böhran vəziyyətlərində birgə fəaliyyətlərin uzlaşdırılması, komandir-rəis heyətinin idarəetmə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyətə xəbərdarlıq toplanışı üzrə əməli vərdişlərin aşılanması olub.
Tədbir zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin fövqəladə hal barədə xəbərdar olunması, xəbərdarlıq toplanışı siqnalı ilə qaldırılması, toplanış məntəqəsinə yürüş, toplanış və idarəetmənin təşkili üzrə fəaliyyətləri yoxlanılıb, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.
Məşq başa çatandan sonra onun təhlili aparılaraq çatışmazlıqlar diqqətə çatdırılıb, müvafiq tapşırıqlar verilib.