CƏMİYYƏT
FHN: Metrodakı təlimə 5 ədəd texnika və 41 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub VİDEO







Bakı, 2 oktyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyi (FHN) və “Bakı Metropoliteni” QSC-nin birgə təşkilatçılığı ilə metronun “Xətai” stansiyasında təlim keçirilib. Təlimin mövzusu “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı birgə fəaliyyətin təşkili” olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, təlimə rəhbərliyi FHN-in Baş əməliyyat idarəsi həyata keçirib. Əvvəlcə, FHN-in 112 - qaynar telefon xəttinə metronun “Xətai” stansiyasının platformaaltı kabel kollektorunda şərti qısaqapanma baş verməsi barədə məlumat daxil olub və dərhal nazirliyin Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti xidmətləri və Bakı Regional Mərkəzinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Şərti hadisə ilə bağlı Metropoliten əməkdaşları əvvəlcə stansiyanın bağlanması, tuneldə işçi işıqların yandırılması, təmas relslərindən gərginliyin kəsilməsi üçün qısaqapayıcıların pozulması, keçid qapılarının açılması işləri həyata keçiriblər.
FHN-in mobil yanğın-xilasetmə qrupları fərdi mühafizə vasitələrindən istifadə edilməklə operativ olaraq kəşfiyyat və əməliyyat şəraitinin qiymətləndirilməsi işlərini aparıb, qısa müddətdə şərti yanğın söndürülüb, xilasetmə vasitələri tətbiq edilməklə “zərərçəkmişlər” təxliyə olunaraq onlara “ilkin yardım göstərilib”.
Uğurla keçən təlimdən sonra nəticələr müzakirə olunub, FHN və Metropolitenin əməkdaşları arasında obyektdə baş verə biləcək fövqəladə hallarda xilasetmə işlərinin aparılması, zərərçəkmişlərə ilkin yardımın göstərilməsi və təxliyə zamanı təhlükəsizlik qaydaları ilə bağlı fikir mübadiləsi aparılıb.
Təlimə FHN-in ümumilikdə 5 ədəd texnikası və 41 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub.