İDMAN
FİFA milli yığma komandaların heyətində keçirilən matçlarda zədələnən peşəkar futbolçulara sığorta mükafatları ödəyəcəkdir
Bakı, 26 may (AZƏRTAC). Peşəkar futbolçular öz milli yığma komandalarının heyətində keçirdikləri matçlarda zədələnərsə, Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) həmin futbolçulara sığorta mükafatları ödəyəcəkdir. Bu qərar FİFA-nın cümə günü Budapeştdə başa çatmış illik konqresinin iştirakçıları tərəfindən qəbul edilmişdir.
Yeni qərar bu il sentyabrın 10-dan qüvvəyə minir. Sığorta fondunun həcmi 75 milyon dollar olacaqdır. Sığorta mükafatlarının maksimum məbləğləri zərər çəkmiş oyunçunun qazancından asılı olaraq gündə 27 min dollara və ya ildə 9,7 milyon dollara qədər müəyyən edilmişdir.
Avropa Futbol Assosiasiyaları Federasiyası (UEFA) bu il martın axırlarında İstanbulda keçirilmiş konqresində oyunçuları milli yığma komandaların heyətində çıxış edərkən zədə almış Avropa futbol klubları barəsində analoji qərar qəbul etmişdir. UEFA belə hallar üçün kompensasiyaların xeyli yüksək olmasını nəzərdə tutur.
Ekspertlərin fikrincə, FİFA ümumiyyətlə, əlavə xərc çəkməyi özünə rəva görə bilər. Beynəlxalq Futbol Federasiyasının yığılmış valyuta ehtiyatları 1,29 milyard dollara bərabərdir. FİFA-nın maliyyə komissiyasının məlumatına görə, 2011-ci ildə onun xalis mənfəəti 36 milyon dollara çatmış, sonuncu dünya çempionatının keçirildiyi ildə isə bu göstərici xeyli yüksək – 219 milyon dollar olmuşdur. 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatı ilə əlaqədar marketinq hüquqlarının kommersiyalaşması hesabına FİFA-nın keçənilki gəlirləri 1,07 milyard dollar, xərcləri isə 1,034 milyard dollar təşkil etmişdir.
Konqresdə bir sıra maraqlı təkliflər müzakirə edilmiş, lakin onlar barəsində hələlik qərar qəbul olunmamışdır. Belə təkliflərə misal olaraq futbol arbitrləri üçün dopinq nəzarəti keçirilməsini və futbol stadionlarının avtomatik defibrillyatorlarla məcburi qaydada təchiz edilməsini göstərmək olar.
Forum iştirakçıları 2013-cü il mayın 30-31-də Mavriki adasında keçiriləcək növbəti konqresdə FİFA-da gələcək islahatlar, o cümlədən FİFA prezidentinin yaşı və ya funksionerlərin vəzifədə olma müddəti ilə bağlı məhdudiyyətlər kimi qıcıqlandırıcı məsələlər barədə söhbəti davam etdirməyi qərara almışlar. Həmin görüşdə rəhbər vəzifələrə namizədlər barəsində çox ciddi antikorrupsiya yoxlamasının müzakirəsinə də xüsusi diqqət yetiriləcəkdir.