Fikrət Sideifzadə: Qarşıda duran əsas məqsəd gənc şahmatçılar yetişdirməkdir
Bakı, 25 yanvar, Leyla Qurbanova, AZƏRTAC
Şahmat üzrə kişilər arasında Azərbaycan çempionatı maraqlı idman mübarizəsi şəraitində keçdi. Sonuncu turda bir qədər gözlənilməz nəticə qeydə alındı. Turnir ərzində lider olan Şahəli İsmayılov sonuncu turda məğlubiyyət nəticəsində birinciliyi əldən verərək ikinci yeri tutdu. Turnirin qalibi adını Məhəmməd Muradlı qazandı. Yarışların qalibi ölkə çempionu titulunu qazanmaqla yanaşı, həm də bu ilin martında keçiriləcək kişilər arasında Avropa çempionatına vəsiqə əldə etdi.
Bunu kişi şahmatçılar arasında Azərbaycan çempionatının yekunları ilə bağlı AZƏRTAC-a müsahibəsində qadınlardan ibarət yığma komandanın baş məşqçisi Fikrət Sideifzadə deyib.
Baş məşqçi bildirib ki, builki ölkə çempionatında iştirakçıların əksəriyyəti Azərbaycanın gənc şahmatçıları idi. Bu turnir həm də gənc şahmatçıların potensialının müəyyən edilməsi baxımından əhəmiyyət daşıyırdı. Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli kimi idmançıları gələcəkdə əvəz edəcək gənc nəsil şahmatçıların yetişdirilməsi Azərbaycan Şahmat Federasiyasının qarşısında duran əsas məqsəddir.
Qadınlardan və kişilərdən ibarət yığma komandalarda perspektivli şahmatçıların olduğunu vurğulayan F.Sideyifzadə deyib: “Ölkə çempionatında üçüncü yeri beynəlxalq qrossmeyster Ülvi Bacarani tutub. Digər şahmatçılardan Abdulla Qədimbəylini qeyd edə bilərəm. Qadın şahmatçımız, ötən il Avropa çempionu olan Ayan Allahverdiyevanın da nəticəsini xüsusi qeyd etmək istəyirəm. O, gənc şahmatçılarla çox yaxşı mübarizə aparırdı. Düşünürəm ki, kifayət qədər yaxşı nəticə göstərdi. Ölkə çempionatında yüksək nəticə əldə edə bilməyən şahmatçılara tövsiyəm budur ki, ruhdan düşməsinlər. Onların şahmat karyerası hələ irəlilədir”.