“FİNTUR HOLDİNGS” FƏALİYYƏTİNİ GÜCLƏNDİRİR
AZƏRTAC xəbər verir ki, Halim Ateş “TeliaSonera” və “Turkcell” şirkətlərinin birgə müəssisəsi olan “Fintur Holdings B.V.” şirkətinin əməliyyatlar üzrə baş müdiri təyin olunmuşdur.
H.Ateş Türkiyənin İstanbul şəhərində reallaşdıracağı yeni vəzifəsində “Fintur Holdings B.V.”nin tabeçiliyində olan şirkətlərin gündəlik kommersiya fəaliyyətinin idarəetməsinə məsul olacaqdır. Yeni təyinatla yanaşı, Halim Ateş, eyni zamanda “Azercell Telecom” MMC-də 2006-cı ilin aprelindən çalışdığı prezident vəzifəsini də icra edəcəkdir.
“TeliaSonera”nın Avrasiya biznes sahəsinin prezidenti, “Fintur Holding”in baş icraçı direktoru və idarə heyətinin sədri Tero Kivisaari Halim Ateşin fəaliyyətini yüksək qiymətləndirmişdir.
“Fintur Holdings B.V.” “TeliaSonera AB” və “Turkcell İletisim Hizmetleri AS” şirkətlərinin birgə müəssisəsidir. O, Avrasiyanın inkişaf etməkdə olan ölkələrində - Azərbaycan (“Azercell”), Qazaxıstan (“K’Cell”), Gürcüstan (“Geocell”) və Moldovada (“Moldcell”) öz törəmə müəssisələri vasitəsilə geniş çeşidli rabitə xidmətləri göstərir. Bundan əlavə, o, “TeliaSonera” şirkətinin Tacikistan (“İndigo” və “Somocom”) və Özbəkistandakı (“Coscom”) törəmə müəssisələrinin idarə edilməsini həyata keçirir.
“Fintur” qrupuna daxil olan şirkətlərin əməkdaşlarının sayı 3 500 nəfərdir. Bu şirkətlərin illik ümumi gəlirləri 2007-ci ildə 1.5 milyard dollardan artıq olmuşdur.