MƏDƏNİYYƏT
Firdovsi Atakişiyev: Aktyorun özünü qəhrəmanından ayırmaq bacarığı teatr məkanında mövcudluğun yeganə düzgün formasıdır









Bakı, 7 iyun, Tatyana İvanayeva, AZƏRTAC
Belə bir aforizm var ki, məhz sevimli işi ilə məşğul olan şəxs xoşbəxtdir. Həm də ikiqat xoşbəxtlik ondan ibarətdir ki, insan həyatını ehtiyacı olduğu üçün deyil, öz istəyi ilə bu işə həsr etsin. Azərbaycanın Əməkdar artisti Firdovsi Atakişiyev özünü belə xoşbəxt insanlardan sayır və artıq otuz ildən çoxdur ki, səhnəyə çıxaraq tamaşaçılara da bu səadəti bəxş edir. Həm də bu hissi daim ona xas olan dürüstlüklə, müəyyən dərəcədə müqəddəs hesab etdiyi sənətə sevgi ilə çatdırır.
İosif Brodskinin də dediyi kimi: “Hər hansı yaradıcılıq mahiyyət etibarilə dua etməkdir. Yaradıcılıq, həm də Uca Yaradanın eşitməsi üçün duadır”. Firdovsi Atakişiyev özünün doğum günü ərəfəsində nəyə dua etdiyini AZƏRTAC-ın müxbiri ilə söhbətində bölüşüb.
-XXI əsrdə aktyor olmaq nə deməkdir?
-Bizim nəslin bəxti gətirib; iki yüzilliyin insanları kimi biz müəyyən dəyərləri müqayisə edə bilərik. Demirəm ki, XX əsrdə hər şey darıxdırıcı olub. Deyərdim ki, həmin dövrdə müəyyən sabitlik vardı. Bu gün isə hər dəqiqə ayıq-sayıq olmalısan. Zaman öz sözünü deyir, tamaşaçı diktə edir, ətrafdakılar da...Zənnimcə, hazırda artistlərdən daha çox sayıqlıq, həssaslıq və öz üzərində gərgin işləmək tələb olunur. Bunu həqiqi artistlər barəsində deyirəm. Elələri də var ki, təhsil illərində əldə etdikləri və yaxşı artist olduqları barədə bir vaxtlar öz ünvanına eşitdikləri sözlərlə kifayətlənirlər. Mənim sözlərim onlara aid deyil. Belə bir şəxs sonra bütün bunları öz şuruna təlqin edir, nə fiziki formasına, nə də tədricən kütləşən beyin fəaliyyətinə fikir vermir. Həm də diplomu olan artist kimi özünün müstəsna “böyüklüyünə” sarsılmaz inamla danışır. Bu, dalana dirənməkdir! Həmişə yaşadığın anın ritmini hiss etməlisən və zamanla ayaqlaşmalısan. Çağırışlara adekvat cavab verməlisən. Bunların hamısı çətindir, amma maraqlıdır.
Mən oynadığım rollarla böyümüşəm. Hər bir yeni obraz əvvəlkindən daha mürəkkəb idi. Onların hər biri ilə məni öz üzərimdə çalışdığım iş prosesi bağlayır. Belə ki, əgər mənim yaradıcılıq bioqrafiyama nəzər salsanız, sənətimdə bu böyüməni görə bilərsiniz. Yaradıcılığımın davam etməsi məni sevindirir. Buna görə taleyimə minnətdaram.
-Amma elə rollar var ki, onları kifayət qədər uzun müddətdir ifa edirsiniz. Məsələn, “Artistin taleyi” tamaşasında rolunuz sizin üçün bir növ titulludur...
-Bu rolu Rus Dram Teatrında 2016-cı ildən oynayıram. Material özü isə mənim aktyor həyatıma 2013-cü ildən - Azərbaycan Dövlət Milli Akademik Teatrındakı tamaşada ifa etdiyim vaxtdan daxil olub. Ərəblinski deyirdi ki, əbədi yaşayacaq. Mən də doğma Rus Dram Teatrının səhnəsinə çıxanda çalışıram ki, həm onun, həm də “Artistin taleyi”nin quruluşçu rejissoru, sevimli İrana Tağızadənin xatirəsini yaşadım. Ona görə də fürsətdən istifadə edərək, heç bir ibarəli sözlər sərf etmədən, bu tamaşanın lazım olduğu qədər göstərilməsi imkanına görə teatrın direktoru Ədalət Hacıyevə təşəkkür etmək istəyirəm.
-Ancaq qəhrəmanınız bu müddətdə dəyişməyə bilməzdi...
-Elə bu il, İrananı itirdiyimizdən sonra dəyişib, onun itkisini həm bütün teatr, həm də tamaşaçılar hiss ediblər. Mən bir il bu tamaşada oynamadım. Onun yenidən repertuara daxil edilməsindən sonra ilk dəfə səhnəyə çıxdığımda, sözlə ifadə edilməsi mümkün olmayan hissləri yaşadım. Tamaşada qadın qəhrəmanın ölümü məqamında anlaşılmaz vəziyyətə düşmüşdüm. Səhnə arxasında hər kəs ağlayırdı, səhnədə də həmkarlarım göz yaşlarını saxlaya bilmirdi. Mən hönkürürdüm, bütün gücümlə özümü ələ almağa çalışırdım. Başqa baş qəhrəman da beləcə yarandı, o da Ərəblinski idi, amma artıq “başı daşdan-daşa dəymiş” xarakteri olan fərqli insan qismində.
-Sizin xatırladılması zəruri olduğu daha bir personajınız var idi. Hərçənd, artıq tarixə qovuşub...
-...Mitya Karamazov. Mitkanı çox sevirdim. İrana da onu çox sevirdi, Dostoyevskini... O, yazıçının əsərini təcəssüm etdirən personajların ən sevimlisidir. Məsələ ondadır ki, müəllifin özü də bu obraza böyük rəğbət bəsləyirdi. Hərçənd, mən Smerdyakov rolunu oynamaq istəyirdim. Həyatımda ilk dəfə tamaşanı səhnələşdirən İranadan xahiş etdim ki, mənə məhz bu personajı versin. Bu çürümüş, mənən pozulmuş insanların daxili aləmini açmaq mənim üçün maraqlı idi. Ancaq o, xahişimdən imtina etməsini belə əsaslandırdı ki, rejissorun Mityası yoxdur və həmin rolda mən olmalıyam. Baxmayaraq ki, mənim sevimli rolum Tennessi Uilyamsın “Arzu” tramvayı”ndan Stenli Kovalskidir. Zorba, qəddar, təkəbbürlü, azad, müstəqil, sərbəst... Bu rola pərəstiş edirdim və Blanş obrazını canlandıran Rita Əmirbəyova ilə möhtəşəm duetdən o dövrün ən parlaq xatirələri hələ də yaddaşımda qalıb.
- Darıxırsınız?
- Keçmiş üçün darıxmıram. Məndə belə hiss yoxdur. Sabahın doğulacağı bu günə şükür edirəm. Sadəcə olaraq, Allaha və İranaya təşəkkür edirəm ki, Stenli Kovalski də daxil olmaqla bir çox parlaq və fərqli dərin obrazları oynamaq imkanım oldu.
- Müsbət qəhrəmanlardan uzaqlaşmağınıza kömək etdi?
- Mənim üçün müsbət və ya mənfi qəhrəmanlar yoxdur. Ağ rəngin üzərində ağ boya çox aydın görünmür. İrana məndə olan bu daxili potensialı görürdü, mənim “yaxşı” olduğumu qeyd edir, eyni zamanda, başqalarına bənzəmək, kəskin rolların və antiqəhrəmanların daxili aləminə nüfuz etmək imkanı yaratmağa çalışırdı. Mən özüm belə obrazlar yaratmağı çox sevirəm. Məsələn, filmlərdə və seriallarda bir müsbət obraza qarşı üç belə obraz oynamışam. Baxmayaraq ki, məhz yeganə “müsbət xarakterin” pozitivliyində də rol münaqişəsinin yaranması üçün çatışmazlıqlar tapırdı.
-Bu gün “Kapitan qızı” tamaşasında Puqaçov obrazını canlandırırsınız...
-Həm də bunu məmnuniyyətlə edirəm. Dərhal mənə bu obrazı təklif edən rejissor İqor Konyayevə böyük təşəkkürümü çatdırıram. Hər şeydən əlavə, mən bu gün (iyunun 6-da – red.) 225 illik yubileyi qeyd olunan Aleksandr Sergeyeviç Puşkinin dahi şəxsiyyətinə ehtiramımı bu yolla bildirirəm. Onun qələmindən çıxmış materialla işləmək aktyor üçün bir zövqdür. Məhz əsərin müəllifi baxımından mən öz Puqaçovumu göstərirəm. Bəli, birmənalı deyil, amma real yaşayan, ürəkdən sevən, nifrət edən bir şəxsi. İnsan xarakterinin çoxlu təzahürləri var. Bu, kəskin dəyişikliklərlə daxili aktyorluq bacarıqlarının səfərbər edilməsini nəzərdə tutan bir rolu almaq üçün gözəl bir fürsətdir.
-Asan yollar sizi cəlb etmir?
-Mənim üçün təzadları göstərmək daha maraqlıdır. İnsanların sizin bəzi personajları necə yaxşı oynadığınızı görməsi fikrindən uzaqlaşın. Mən vəziyyəti, müəyyən bir anda öz davranışına haqq qazandıran insanı oynayıram. Axı tale bizi vəziyyətlərlə sınayır. Biz hamımız “ictimaiyyət arasında” yaxşıyıq. Təkcə yatdığımız zaman olduğumuz kimiyik, realıq. Əsasən, biz özümüzü tapdığımız şəraitdən asılı olaraq, hər yerdə rol oynayırıq. Vəziyyətə uyğunlaşmaq da artıq rola girmək deməkdir. Məncə, küçədə bir cür, içəridə isə tamamilə başqayıq. Ümumiyyətlə, səhnədə teatrdan kənarda olduğumdan fərqliyəm. Yalan deməyəcəyəm, bəzən kimsə məni “yalnız bir zarafatım qalıb” ifadəsi ilə əlaqələndirəndə, bundan xoşum gəlir. Tamamilə mümkündür ki, mən daxilən çox böyük bir xuliqanam. Sadəcə, mənə yaxşı tərbiyə veriblər, düzgün ideologiya aşılayıblar. Mən isə bu insani keyfiyyətləri saxlayıram, daşıyıram və ehtiyacı olanlara ötürürəm.
-Beləliklə, səhnəyə çıxan kimdir, Firdovsi Atakişiyev, yoxsa...
-Canlandırdığım qəhrəman. Özünü qəhrəmanından ayırmaq bacarığı səhnə ilə səhnəarxası arasında aydın sərhədi olan teatr məkanında mövcudluğun yeganə düzgün formasıdır. Gənc aktyorlar təəccüblənir, deyək ki, pərdə arxasında lətifə danışıram, bir dəqiqə sonra isə səhnəyə çıxanda tamaşaçıları ağlamağa məcbur edirəm.
-Gənclərdən danışdınız. Bu gün onlarla ustad mövqeyi anlayışı ilə səhnəyə çıxırsınız...
-Heç bir vəchlə! Mən həmişə şagirdəm. Burada mənim üçün həmişə ideal olan aktrisa haqqında danışmaq istəyirəm və çox xoşbəxtəm ki, məni bu insanla təkcə səhnə birləşdirmir, biz həm bir-birimizə bəzi birgə layihələr və böyük dost münasibətləri ilə bağlıyıq. Azərbaycanın Xalq artisti Lyudmila Duxovnayanı nəzərdə tuturam. O, mənim hələ doqquz yaşımda aşiq olduğum əsl sənətkardır.
O vaxtlar biz Gəncədə yaşayırdıq və anam məni paytaxt truppasının tamaşasına baxmaq üçün teatra apardı. Səhnəyə ağ paltarda gözəl, uzunsaçlı bir qız çıxdı və Aleksandr Şarovskinin oynadığı hansısa “pis əmi” onun üzünə sillə vurdu. Tamaşa boyu o, əzilmiş dodaqlarının qanını silirdi. Anama necə əzab verdiyimi, ondan narahat olduğumu və aktrisanın özünü, onun parlaq ifasını heyrətlə seyr etdiyimi xatırlayıram. Bu, “Yorulmuş at” tamaşası idi. Sonralar Bakıya köçdük və tələbə ikən həmişə Rus Dram Teatrına gedirdim, onun iştirakı ilə bütün tamaşalara baxırdım. Sevimli aktrisam səhnədə bir ilahə idi. Mən özüm bu teatrda xidmət etməyə başlayanda bu insan mənim üçün bir ailə kimi oldu. Mənə və səmimiyyətimə ilk inanan da o oldu. Rejissor Filumena Marturanonun oğlu rolunu kimə verəcəyinə uzun müddət şübhə edirdi, çünki açığını desəm, çoxları bunun üçün sınaqdan keçirdi. Səhnə tərəfdaşlığımızın aydın şəkildə əsaslandırılmış istəyi ilə həlledici olan Lyudmila Semyonovnanın fikri idi. O, monoloq səhnəsi haqqında danışaraq, “o, mənə lazım olanı oynayacaq!” dedi. Həmin andan bu günə qədər bu, davam edir...
İrana həmişə qeyd edirdi ki, Mila, sadəcə olaraq, yaradıcılıq haqqında sonsuz danışa biləcəyiniz insandır. Mila Duxovnaya mənə çox kömək etdi və məni əminliklə onun peşəkar yetirmələrindən biri hesab etmək olar. Rol üzərində işləməyi, obrazla bağlı yaradıcılıq axtarışı zamanı onu təhlil etməyi də ondan öyrəndim. Onun köməyi ilə qəhrəmanımın xarakterini başa düşmək və öz süzgəcimdən keçirərək çatdırmaq üçün bəzən rolumu yenidən yazmağı öyrəndim. Budur, ustad Lyudmila Semyonovna! O, primadonnadır. Amma səhnədə tələbədir. Məşq zamanı özünü məhz belə hesab edir. Buna uyğun olaraq, mən də bu tələbənin şagirdi olduğum üçün həmişə öyrənirəm.