Fizuli adını daşıdığı rayonun kəndlərini erməni işğalçılarından qoruyarkən şəhid olub
Bakı, 4 aprel, AZƏRTAC
Sevda Salahova şəhid anasıdır - oğlu Aprel döyüşlərinin fəal iştirakçısı olan Fizuli Salahov 2017-ci il dekabrın 13-də cəbhənin Füzuli bölgəsində erməni silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhidlik zirvəsinə ucalıb. Anaya qulaq asmaq həm çətindir, həm də qürurvericidir.
Fizuli Salahov 1978-ci il Şabran rayonun Gəndov kəndində doğulub. Hərbi qulluqçu olmaq onun özünün arzusu olub. 20 ilə yaxın müqəddəs Qarabağımız uğrunda döyüşüb, isti yatağını soyuq səngərə dəyişib. Vətənə şərəflə qulluq edən baş gizir daim öz cəsarəti və igidliyi ilə seçilib. Hərbi xidmətdə fərqləndiyinə görə sağlığında dəfələrlə təltif olunub. F.Salahova “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı Prezident İlham Əliyev cəbhə bölgəsinə səfəri zamanı şəxsən təqdim edib. Şəhid olduqdan sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 2-ci dərəcəli medal ilə təltif olunub. Həmin medal onun övladlarına təqdim edilib.
Şəhidin anası AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “Fizuli həmişə deyirdi ki, ana, daha bir il də döz, xidmətimi başa vurub qayıdacağam… Onun bu vədindən sonra mən də, həyat yoldaşı da günləri sayırdıq. Şəhidlik xəbərini eşidəndə elə bil başımda şimşək çaxdı. İnanmağım gəlmədi. Necə inanasan? Fizuliyə kim qıyardı? Onun ürəyi Vətənlə, Azərbaycanla döyünürdü. Hamıya canıyanan, səmimi, doğma münasibət göstərirdi”.
Ana söhbətinə davam edərək deyir: “İndi də onun yoxluğuna inanmıram. Elə bilirəm ki, harasa uzaqlara gedib, nə vaxtsa qayıdacaq. Özü də mütləq qayıdacaq…
Təsəllim bircə odur ki, indi onunla təkcə mən, ailə üzvləri, qohumları yox, hamı fəxr edir. Fizuli çox sevdiyi Vətən torpağının bir parçasına çevrilib. Hər kəs əvvəl-axır, gec-tez öz sevdiyinə qovuşmalıdır. Taleyin qəribəliyinə bax ki, Fizuli adını daşıdığı rayonun kəndlərini erməni işğalçılarından qoruyarkən şəhid olub. Bir də təsəllim odur ki, Fizulinin ocağında iki oğul böyüyür. Eynən Fizulinin özü kimi təəssübkeş, yurdsevər, torpağa bağlı…Onları bağrıma basanda oğlumun iyi burnuma gəlir”.
O, dövlətin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan, göstərilən maddi və mənəvi dəstəkdən də razılığını bildirib: “Hərbi qulluqçu ailəsi kimi hər yerdə hörmət və ehtiramla qarşılaşırıq. Bu etimadı bizə Fizuli qazandırıb. Belə bir oğulun anası olduğuma görə qürur hissi keçirirəm”.