Forum iştirakçısı: D8 qlobal həmrəylik və qarşılıqlı inkişaf üçün mühüm platforma ola bilər
Bakı, 29 aprel, AZƏRTAC
Azərbaycan yaxın zamanda D8 təşkilatına yeni üzv kimi qəbul olunub. Bu alyansa qoşulana qədər D8 ölkələri artıq 20 ildən çoxdur ki, əməkdaşlıq edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” forumu çərçivəsində keçirilən “Sərhədləri aşmaq: firavan gələcək naminə D8 əməkdaşlığı” adlı panel müzakirəsində çıxışı zamanı danışıb.
Amin Məmmədov bildirib ki, D8 alyansı tərkibində 10 milyon nəfər əhalisi olan ölkədən tutmuş 300 milyona yaxın əhalisi olan dövlətlər yer alır və bu müxtəliflik böyük potensial deməkdir. Onun sözlərinə görə, bu təşkilat qlobal həmrəylik və qarşılıqlı inkişaf üçün mühüm platforma ola bilər.
“Bu gün burada inkişaf etməkdə olan ölkələrin nümayəndələri kimi toplaşmışıq. Tarix boyu suverenliyimizi möhkəmləndirmək, iqtisadiyyatımızı inkişaf etdirmək, təhsil, səhiyyə və ətraf mühitin qorunması sahələrində mübarizə aparmışıq. D8 çərçivəsində Azərbaycan digər ölkələrin dövlətçilik təcrübəsindən faydalana, eyni zamanda, öz uğurlu modellərini bölüşə bilər ki, bu da ölkəmiz üçün unikal imkan yaradır”, - deyə Amin Məmmədov əlavə edib.