Fövqəladə hallar naziri Sabirabadda vətəndaşları qəbul edib

Sabirabad, 25 avqust, AZƏRTAC
Avqustun 25-də Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Sabirabad şəhərində Saatlı, İmişli, Hacıqabul və Sabirabad rayonlarının sakinlərinin, həmçinin həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirib.
AZƏRTAC xəbər verir ki, fövqəladə hallar naziri tərəfindən qəbul edilən 14 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə həllini tapıb. Bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib. Bundan başqa, kadr məsələləri ilə bağlı 63, digər məsələlərlə bağlı müraciət etmiş 43 vətəndaş nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.