“Fox News” informasiya kanalında Azərbaycanın ABŞ-dakı səfirinin Ermənistan-Azərbaycan münaqişəsi haqqında məqaləsi dərc edilib

Vaşinqton, 29 mart, AZƏRTAC
Amerikanın “Fox News” informasiya kanalında Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun Ermənistan-Azərbaycan münaqişəsi haqqında məqaləsi dərc edilib.
AZƏRTAC xəbər verir ki, Elin Süleymanov bu nəşrə müsahibəsində deyib: “Bu münaqişənin həll edilməməsi bütün region üçün strateji baxımdan çox təhlükəlidir. Status-kvo sabit deyil. Bizdə sülhyaratma qüvvələri yoxdur. Əsgərlər bəzi hallarda bir-birindən 30 metr məsafədə qarşı-qarşıya dayanıblar”.
Məqalədə qeyd edilir ki, Ermənistanla Azərbaycan arasında silahlı münaqişə 1991-ci ildən, yəni Sovet İttifaqı dağılandan bəri davam edir. Separatçılar Ermənistanın köməyi ilə Azərbaycan ərazisini işğal ediblər. Müəllif yazır ki, BMT Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən bir neçə qətnamə qəbul edib.
Səfir Süleymanov deyib: “Vəziyyət hər an kəskinləşə bilər. Hər iki tərəfin əlində kifayət qədər silah və müdafiə vasitələri var. Münaqişə hər an yenidən yarana bilər”.
Məqalədə qeyd olunur ki, bu münaqişədə 30 min insanın həyatına son qoyulub, 1 milyondan çox insan qaçqın vəziyyətinə düşüb.
Xatırladaq ki, Ermənistanın azərbaycanlı əhalisinə qarşı təcavüz hələ 1987-ci ilin noyabr ayında başlanıb, 1988-ci il fevral ayında isə Ermənistan SSR Azərbaycana qarşı ərazi iddiaları irəli sürüb. Qarabağ münaqişəsi nəticəsində Ermənistan Azərbaycan ərazisinin təqribən 20 faizini işğal edib. 1993-cü ilin aprel-noyabr aylarında BMT Təhlükəsizlik Şurası Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalını pisləyən, Ermənistan silahlı qüvvələrinin Azərbaycandan qeyd-şərtsiz və dərhal çıxarılmasını, azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına qayıtmaları üçün şərait yaradılmasını tələb edən 822, 853, 874 və 884 nömrəli qətnamələr qəbul edib.
2008-ci ilin mart ayında BMT Baş Assambleyası beynəlxalq birliyin Təhlükəsizlik Şurasının qətnamələrində ifadə olunmuş mövqeyini bir daha təsdiq edən 62/243 nömrəli qətnamə qəbul edib. BMT Təhlükəsizlik Şurasının bu qətnamələri əsasında müxtəlif ölkələrin qanunvericiləri və beynəlxalq təşkilatlar tərəfindən Ermənistanın işğalçı qüvvələrinin Azərbaycandan çıxarılmasını tələb edən onlarca digər qətnamələr qəbul edilib.
Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur və Azərbaycan ərazilərinin işğalını davam etdirir.
Yusif Babanlı
AZƏRTAC -ın xüsusi müxbiri
Vaşinqton