CƏMİYYƏT
Bakıda dezinfeksiya, antiseptika və sterilizasiya problemləri ilə bağlı beynəlxalq simpozium öz işinə başlamışdır
Bakı, 3 may (AZƏRTAC). Mayın 3-də Azərbaycan Tibb Universitetinin (ATU) tədris terapevtik klinikasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə “Xəstəxanadaxili infeksiyalar, antibiotiklərə rezistentlik, dezinfeksiya, antiseptika və sterilizasiya problemləri” mövzusunda beynəlxalq simpozium öz işinə başlamışdır.
AZƏRTAC xəbər verir ki, beynəlxalq tədbir Azərbaycan Tibb Universiteti, Azərbaycan Tibbi Mikrobioloqlar və İmmunoloqlar İctimai Birliyi (TMİİB) və Türkiyə Cümhuriyyətinin DAS (dezinfeksiya, antiseptika, sterilizasiya) dərnəyi tərəfindən təşkil olunmuşdur.
Tədbiri giriş sözü ilə açan ATU-nin rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov mövzunun aktuallığından danışmışdır. Bildirmişdir ki, iki gün davam edəcək simpoziumda antibiotiklərə davamlılıq, bakterial və parazitar infeksiyalar, vərəm, hepatitlər, sterilizasiya, dezinfeksiya, molekulyar diaqnoz üsulları və infeksion xəstəliklərdən qorunma mövzularında məruzələr dinləniləcəkdir.
Digər çıxış edənlər də hər iki ölkənin həkimləri arasında dostluq əlaqələrinin yaradılması və təcrübə mübadiləsi baxımından simpoziumun əhəmiyyətini vurğulamışlar.
Bildirilmişdir ki, beynəlxalq simpoziumun ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunması təsadüfi deyildir. Çünki ulu öndər həmişə həkimlərin dostu olmuş və bu müqəddəs peşə sahiblərinə həmişə xüsusi qayğı göstərmişdir.
Qeyd olunmuşdur ki, Azərbaycan Tibb Universiteti və Azərbaycan Tibbi Mikrobioloqlar və İmmunoloqlar İctimai Birliyi infeksion xəstəliklərlə mübarizəni gücləndirmək üçün dünya ölkələri ilə əlaqələrə xüsusi önəm verir. Bu elmi simpozium da respublikamızda klinik mikrobiologiya və infeksion xəstəliklər sahələrinin inkişafına təkan verəcəkdir. Eyni zamanda, bu sahədə ən son elmi yeniliklər və nailiyyətlər müzakirə olunacaqdır.
Vurğulanmışdır ki, bütün həkimlərin və tədqiqatçıların qarşısında infeksion xəstəliklərin yayılma təhlükəsini anlamaq və bu xəstəliklərlə mübarizə aparmaq kimi məsuliyyətli bir vəzifə dayanır.
Çıxışlardan sonra simpozium öz işini panel iclaslarında davam etdirmişdir.