MƏDƏNİYYƏT
GÖRKƏMLİ MEMAR FUAD SEYİDZADƏNİN 70 İLLİK YUBİLEYİ QEYD OLUNMUŞDUR
O, HAMINI SEVDİYİ KİMİ, HAMI DA ONU SEVİRDİ
AZƏRTAC xəbər verir ki, iyunun 16-da Bakı Caz Mərkəzində görkəmli memar Fuad Seyidzadənin 70 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilmişdir.
Azərbaycan Memarlar İttifaqının təşkilatçılığı ilə keçirilən tədbirdə İttifaqın sədri Abbas Ələsgərov, xarici işlər nazirinin müavini, Diplomatik Akademiyanın rektoru Hafiz Paşayev və başqaları Fuad Seyidzadə haqqında xatirələrini söyləmiş, onun vətənpərvər, xalqına bağlı, xeyirxah insan, gözəl dost, mahir memar olduğunu diqqətə çatdırmışlar. Fuad Seyidzadənin seçdiyi memarlıq sənətini çox sevdiyi və onu hər şeydən üstün tutduğu bildirilmişdir. Hələ tələbə ikən o, beynəlxalq müsabiqələrdə iştirak edib qalib gəlmişdi. Xarici ölkədə keçirilən müsabiqədə iştirak etmək və qalib olmaq bütün institut üçün böyük hadisə idi və təkcə onun uğuru kimi yox, institutun uğuru kimi qəbul edilirdi. 1962-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirəndən sonra təyinatını “Azərdövlətlayihə” İnstitutuna alan F.Seyidzadə bir müddət orada işləmişdir. Az sonra isə Mərkəzi Komitənin təşəbbbüsü ilə o, Bakı Şəhər İcraiyyə Komitəsinin nəzdində yaradılmış Xüsusi Layihə-Smeta Bürosuna başçılıq etmişdir. Burada F.Seyidzadə istedadlı mütəxəssisləri ətrafına toplayıb gərgin işləmişdir. Həmişə yeniliyə can atan F.Seyidzadə o vaxtlar dəbdə olan eynitipli layihələrə qarşı qətiyyətlə mübarizə aparmışdır.
Xatirə gecəsində çıxış edənlər Fuad Seyidzadənin rəssamlarla, heykəltəraşlarla birgə işlərini, axtarışlarını diqqətə çatdırmışlar. Qeyd olunmuşdur ki, Böyük Vətən müharibəsi illərində həlak olmuş azərbaycanlı döyüşçülərin xatirəsini əbədiləşdirmək üçün Sevastopol şəhərində ucaldılmış Sapundağ abidə kompleksi Fuad Seyidzadənin heykəltəraş Ömər Eldarovla birgə işinin məhsuludur. Onun heykəltəraş Tokay Məmmədovla memar-dizayner kimi birgə həyata keçirdiyi layihələr zəngin sənət duyumunun ifadəsidir.
Xüsusi qeyd olunmuşdur ki, onun hamıya köməyi dəyirdi – çox xeyirxah idi. Həmişə gülümsəyərdi, ucadan danışmazdı – bütün bunlar onun ziyalılığından, yüksək intellekt sahibi olmağından, tərbiyəsindən irəli gəlirdi. O, hamını sevdiyi kimi, hamı da onu sevirdi. Onun Azərbaycan memarlığında qoyduğu iz təkrarolunmazdır. Cəmi 34 il - qısa, amma mənalı və yaddaqalan bir ömür sürmüş memar Fuad Seyidzadə doğmalarının, yaxınlarının, dostlarının, tanışlarının, həmkarlarının ürəklərində və yaddaşlarında daim yaşayacaqdır.
Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi, Prezidentin köməkçisi, tarix elmləri doktoru, professor Dilarə Seyidzadə qardaşının Azərbaycanı, doğulduğu Bakı şəhərini böyük məhəbbətlə sevdiyini və paytaxtımızla fəxr etdiyini bildirmişdir. Fuad Seyidzadənin respublikamızı müstəqil görmək arzusunda olduğunu diqqətə çatdıran D.Seyidzadə ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə başlanmış və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində Azərbaycanın müstəqillik və inkişaf yolunda iri addımlarla irəlilədiyini vurğulamışdır. Bildirmişdir ki, keçən əsrin 60-70-ci illərində tikilən eynitipli binaları xoşlamayan qardaşı, bir-birindən fərqlənən layihələr əsasında hazırda Bakıda inşa olunan müasir, hündürmərtəbəli binaları görsə idi, qəlbi fərəhlə dolardı.
Dilarə Seyidzadə qardaşının 70 illik yubileyi ərəfəsində nəşr olunmuş “Fuad Seyidzadə xatirələr karvanında” kitabından da söhbət açmışdır. Kitabda tanınmış memarla birgə ötüb-keçən günləri daim qəlbində yaşadan əzizlərinin, dostlarının, Azərbaycan mədəniyyətinə, ədəbiyyatına, incəsənətinə sanballı töhfələr vermiş görkəmli şəxsiyyətlərin acılı-şirinli xatirələri öz əksini tapmışdır. D.Seyidzadə qardaşı ilə bağlı xatirələrini danışmış, Fuadın ona göndərdiyi məktubların bir neçəsinin mətnini oxumuşdur.
Ülvi Seyidzadə atasının xatirəsinə göstərilən ehtirama görə tədbirin təşkilatçıları və iştirakçılarına minnətdarlığını bildirmiş, kitabın işıq üzü görməsində xidməti olanlara təşəkkür etmişdir.
Gecədə dahi alman bəstəkarı İohann Sebastyan Baxın həzin musiqisinin sədaları altında Fuad Seyidzadənin uşaqlıq, gənclik illərinin, eləcə də ailə üzvləri, dostları ilə birgə çəkilmiş fotoşəkilləri nümayiş olunmuş, onun sevdiyi caz musiqisi, Azərbaycan estrada mahnıları səsləndirilmişdir.
Tədbirdə, həmçinin tanınmış memarın dostlarının, yaxın qohumlarının onunla bağlı xatirələri əsasında “Space” televiziyasının hazırladığı filmdən bir hissə göstərilmişdir.
Xatirə gecəsində respublikamızın görkəmli memarları, elm, mədəniyyət və incəsənət xadimləri, ziyalılar iştirak etmişlər.
######