DÜNYA
Fransa 800 ukraynalı qaçqını qəbul edib

Paris, 3 mart, AZƏRTAC
Fransa indiyədək 800 ukraynalı qaçqını qəbul edib.
AZƏRTAC xəbər verir ki, bu barədə daxili işlər naziri Jeral Darmanən məlumat verib.
Nazir bildirib ki, bəzi qaçqınlar İspaniyaya, İngiltərəyə getmək üçün tranzit məntəqələrindədirlər. Fransa qaçqınların qarşılanması ilə bağlı üzərinə düşən bütün vəzifələri yerinə yetirəcək. Fransada Ukrayna icmasının böyük olmadığını deyən J.Darmanən ölkədə cəmi 17 min ukraynalının yaşama icazəsi aldığını diqqətə çatdırıb.
Qeyd edək ki, qaçqınların Böyük Britaniyaya getmək üçün çətinliklə üzləşdikləri bildirilir. Britaniya Şengen zonasından çıxması və qaçqınların vizasının olmaması ilə əlaqədar onlar Kale şəhərində qalıblar. Böyük Britaniyanın Baş naziri Boris Conson bununla əlaqədar Kale şəhərində konsulluq açılacağını bildirib.
Avropanın daxili işlər nazirləri cümə axşamı Brüsseldə Kosovo müharibəsindən sonra qəbul edilmiş və bu günə qədər heç vaxt istifadə olunmuş 2001-ci il direktivlərini müzakirə edəcəklər. Ukraynalı qaçqınlara maddi yardım göstərilməsi məqsədilə təcili və müvəqqəti sığınacaq forması müəyyən olunacaq.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris