SİYASƏT
Fransa jurnalında Azərbaycan yəhudilərindən bəhs edən məqalə dərc olunmuşdur
Paris, 2 aprel (AZƏRTAC). Fransanın “Levhair” jurnalında dəfələrlə Azərbaycanda səfərdə olan, Bakı Beynəlxalq Humanitar Forumun iştirakçısı, yəhudi əsilli fransız yazıçı-publisisti Jan-Pyer Allalinin “Azərbaycan yəhudiləri” sərlövhəli məqaləsi dərc edilmişdir.
Azərbaycanın tolerant ölkə olduğunu vurğulayan müəllif məqalədə yəhudilərin ölkəmizdə məskunlaşması ilə bağlı tarixi faktlara toxunmuş, onların çox qədim dövrlərdə ölkəmizə gəldiklərini qeyd etmişdir.
Azərbaycan hökuməti tərəfindən digər etnik qruplar kimi, yəhudilərin dininin, dilinin, mədəniyyətinin və incəsənətinin inkişafına xüsusi qayğı göstərildiyi diqqətə çatdırılan məqalədə Bakıda üç sinaqoqun olduğu, 2002-ci ilin əvvəlində yeni sinaqoqun inşa edildiyi, yəhudilərin Quba rayonunda yığcam yaşadıqları, onların rus dilindən çox Azərbaycan dilində danışdıqları, kənd təsərrüfatı, bağçılıq və heyvandarlıqla məşğul olduqları yer almışdır.
Yəhudilərin də Azərbaycanda müxtəlif vəzifələrdə çalışdığını, Milli Məclisdə təmsil olunduğunu diqqətə çatdıran müəllif ölkəmizdə yüksək tolerantlıq mühitinin olduğunu xüsusi vurğulamışdır.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris