SİYASƏT
FRANSADA BEYNƏLXALQ MÜNASİBƏTLƏR İNSTİTUTUNDA AZƏRBAYCANIN MÜASIR GEOSİYASƏTİNƏ HƏSR OLUNMUŞ “DƏYİRMİ MASA” KEÇİRİLƏCƏKDİR
Bakı, 4 aprel (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin mətbuat xidmətinin məlumatına görə, aprelin 7-də Parisdə Fransa Beynəlxalq Münasibətlər İnstitutunda Azərbaycanın müasir geosiyasətinə həsr olunmuş “dəyirmi masa” keçiriləcəkdir.
Tədbirdə “Azərbaycanın müasir geostrategiyası: enerji təhlükəsizliyi və xarici siyasətin praqmatizmi” mövzusunda əsas məruzəçi qismində Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Nuriyev çıxış edəcəkdir. “Dəyirmi masa”nın işində Fransa Beynəlxalq Münasibətlər İnstitutunun (İFRİ) icraçı direktoru Dominik David, Fransa parlamentariləri, politoloqlar və iqtisadçılar, eləcə də diplomatlar iştirak edəcəklər.
Elxan Nuriyev səfər çərçivəsində Fransa Şauzöl İnstitutunun direktoru Paskal Loro, Paris Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar İnstitutunun (İRİS) direktoru Paskal Bonifasla görüşəcəkdir. Görüşlərdə iki ölkənin analitik institutları arasında elmi-tədqiqat məsələlərinə aid regional əhəmiyyətli layihələr müzakirə olunacaqdır.
Tədbirlərin gedişi zamanı Azərbaycanın daxili və xarici siyasətinin, o cümlədən Azərbaycan-Avropa və Azərbaycan-Fransa münasibətlərinin inkişaf perspektivləri təhlil olunacaq, bu məsələlərə dair geniş fikir mübadiləsi aparılacaqdır.
Avropa İttifaqı ölkələrində, ümumilikdə Cənubi Qafqaz bölgəsinə, xüsusən Azərbaycana artan maraq nəzərə alınaraq “dəyirmi masa”da Dağlıq Qarabağ probleminin həlli, eləcə də Azərbaycanla Fransa arasında siyasi, iqtisadi əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı maraqlı diskussiyaların olacağı gözlənilir.