Fransada Zəhmətkeşlər Günü ilə bağlı nümayiş keçirilir
Paris, 1 may, AZƏRTAC
Parisdə Zəhmətkeşlər Günü ilə bağlı həmkarlar təşkilatının “sarı jiletlər”lə birgə keçirdiyi nümayişi ilə bağlı paytaxtın bütün vağzallarında, eləcə də aksiyaların təşkil olunacağı məkanların ətrafında polis tərəfindən yoxlamalar keçirilir.
AZƏRTAC xəbər verir ki, nümayişə qoşulacaq “black blocs” radikal qrupunun 2 minə yaxın üzvünün və “sarı jiletlər” əsas nümayəndələrinin müəyyən edilməsi məqsədi ilə aparılan yoxlamalar zamanı yerli vaxtla saat 11:00-a olan məlumata görə 40-dək insan saxlanılıb.
Sosial şəbəkələrdə “Həlledici akt: qiyam paytaxtı-Parisə”, eləcə də “dağıntılar törədəndə səsimiz eşidilir” şüarları ilə Parisə nümayişə çağırışlar ciddi narahatlıqlar yaradıb.
May nümayişi saat 14:30-a nəzərdə tutulsa da, artıq ilk nümayiş korteci İtaliya meydanından Monparnas istiqamətində irəliləyir. Paytaxtın Şimalında da nümayişçilərin bu istiqamətdə irəlilədiyi bildirilir. Ölkənin digər böyük şəhərlərində də nümayişin başladığı bildirilib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris