REGİONLAR
FRANSALI MÜTƏXƏSSİSLƏR AZƏRBAYCANIN SƏRHƏD MƏNTƏQƏLƏRİNDƏ BAYTARLIQ XİDMƏTİNİN TƏŞKİLİNƏ DAİR SEMİNAR KEÇİRİRLƏR
AZƏRTAC xəbər verir ki, Fransanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə iyunun 28-də və 29-da sərhəd baytarlıq xidmətinin təşkili üzrə seminar keçirilir.
Səfirlikdən verilən məlumata görə, Fransa Kənd Təsərrüfatı Nazirliyinin eksperti baytar həkimlərinə, gömrük və bitki mühafizəsi sahəsində çalışanlara “Heyvanların və heyvan məhsullarının idxalı”na dair Avropa nəzarət mexanizmi barədə məlumat verəcəkdir.
Azərbaycan ilə Fransa arasında sərhəd baytarlıq xidməti sahəsində əmkdaşlığın əsası 2004-cü ildə qoyulmuşdur. Azərbaycan Dövlət Baytarlıq Xidmətinin rəhbərliyi sərhəd baytarlıq xidmətinin vəziyyətini öyrənmək və onu yaxşılaşdırmaq məqsədi ilə xidmətin auditini keçirmək barədə Fransa tərərfinə müraciət etmişdi. Bu, Azəbaycanın üzv olduğu Dünya Heyvan Xəstəlikləri Təşkilatının tələblərinə riayət edilməsi və Azərbaycanın gələcəkdə Dünya Ticarət Təşkilatına qəbul olunması yolunda görülən tədbirlər sırasına daxil idi.
Əvvəlcədən tərtib olunmuş proqrama əsasən, iki fransız eksperti 2005-2006-cı illərdə Azərbaycanda audit aparmışdır. 2006-cı ilin dekabrında Dövlət Baytarlıq Xidmətinin məsul əməkdaşı Fransanın Ruassi-Şarl De Qol hava limanındakı sərhəd baytarlıq xidmətində təcrübə keçmişdir.