Fransalı professor UFAZ-ın tələbələrinin bilik və bacarıqlarından razıdır
Bakı, 3 may, AZƏRTAC
Fransanın Strasburq Universitetinin seysmologiya üzrə professoru Alessia Maggi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) geofizika fənnini tədris edir.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, professor A.Maggi tədrislə yanaşı, tələbələrin təcrübələrdə fəal iştirakını təmin etmək üçün bəzi şirkət rəhbərləri ilə əlaqələrin qurulması işinə də kömək göstərərək bir sıra görüşlər keçirib. O, eyni zamanda, ADNSU-nun laboratoriyalarında və mineralogiya muzeyində olub. Universitetdəki tədrisdən və tələbələrin bilik və bacarıqlarından razı qaldığını söyləyən A.Maggi yeni layihə olmasına baxmayaraq, UFAZ-da mükəmməl tədrisin həyata keçirildiyini vurğulayıb.
“Burada tələbələrin ən çox bəyəndiyim cəhətlərindən biri onların çoxlu sual vermələridir. Bu, onu göstərir ki, onlar öyrənməyə və biliklərini artırmağa çox həvəslidirlər. Bir müəllim kimi onların məndən öyrənmək istəkləri məni xoşbəxt edir”, - deyə qonaq bildirib.
Qeyd edək ki, professor A.Maggi mayın 5-dək UFAZ-da geofizika və seymologiya ilə bağlı seminarlar keçəcək.