FRANSIZLAR ÜÇÜN AZƏRBAYCAN DİLİ
AZƏRTAC xəbər verir ki, Parisin “Harmattan” nəşriyyatı Azərbaycan alimi, AMEA-nın müxbir üzvü Kamal Abdullanın fransız alimi Mişel Malerb ilə birgə yazdığı “Gəlin azərbaycanca danışaq. Dil və mədəniyyət” adlı kitabını nəşr etmişdir. Bu, K.Abdullanın Parisdə çap edilmiş ikinci kitabıdır. Azərbaycanın, onun mədəniyyətinin və dilinin xaricdə təbliğ edilməsinə layiqli töhfə olan bu nəşrin özəlliyi ondadır ki, o, təkcə Azərbaycan dili üzrə deyil, bütövlükdə ölkəmiz, onun tarixi, ədəbiyyatı və mədəniyyəti üzrə bir növ “bələdçi”dir. Zövqlə illüstrasiya edilmiş kitab müasir Azərbaycanın həyatı haqqında, o cümlədən onun ən böyük problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə kifayət qədər əyani təsəvvür yaradır.
Azərbaycanın siyasi xəritəsi və ölkəmiz haqqında qısa məlumatla başlanan kitabda respublikamızın dövlət rəmzləri, Azərbaycanın dövlət himninin Azərbaycan və fransız dillərində mətni verilmişdir.
Fransalı tələbələr (o cümlədən, kitabın müəllifinin rəhbərlik etdiyi Bakı Slavyan Universitetinin sıx əməkdaşlıq etdiyi və Azərbaycan dilinin tədris edildiyi İNALKO - Şərq Dilləri və Sivilizasiyaları İnstitutunun tələbələri) və Azərbaycan dili ilə, bizim zəngin tariximiz və mədəniyyətimizlə maraqlanan oxucular üçün nəzərdə tutulmuş kitaba zəngin coğrafi, kulturoloji və filoloji informasiya ilə yanaşı, praktiki xarakter daşıyan zəngin dil materialı, fransızca-azərbaycanca və azərbaycanca-fransızca danışıq kitabçası və lüğət daxildir.
######
