İDMAN
Futzal üzrə Azərbaycanın milli komandası Makedoniya yığmasına qalib gəlmişdir
Bakı, 17 dekabr (AZƏRTAC). Dekabrın 16-da futzal üzrə dünya çempionatının əsas seçmə mərhələsinin Bakıda təşkil olunan 5-ci qrupunun növbəti oyunları keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Bakı İdman Sarayında milli komandamız Makedoniya yığması ilə qarşılaşmışdır. Bu komanda ilk oyunda Ukrayna üzərində qələbəni əldən verərək məğlubiyyətlə üzləşmişdi – 1:2. Elə millimizlə görüşdə də makedoniyalılar məğlub olmuşlar. Oyunda futzalçılarımız 7:1 hesabı ilə qalib gəlmişlər.
Digər oyun Xorvatiya və Ukrayna milli komandaları arasında keçirilmişdir. Ukrayna rəqibini 4:1 hesabı ilə məğlub edərək turnir cədvəlində birinci pilləyə yüksəlmişdir. Xorvatiya və Azərbaycan komandaları hərəyə üç xal toplayaraq 2-ci və 3-cü yerləri bölüşürlər.