REGİONLAR
Füzuli rayonunda koronavirusa qarşı 1-ci və 2-ci doza peyvəndin vurulması tam olaraq yerinə yetirilib VİDEO
Füzuli, 18 dekabr, Aydın Yavərzadə, AZƏRTAC
Füzuli rayonunda COVID-19-a qarşı peyvəndləmə prosesi davam edir. Rayon üzrə 1-ci və 2-ci doza peyvəndin vurulması tam olaraq yerinə yetirilib. Artıq sakinlər 3-cü doza üçün müraciət edirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Füzuli Rayon Mərkəzi Xəstəxanasının direktoru Elçin Qurbanovun sözlərinə görə, vaksinasiya üçün stasionar və səyyar xidmət qrupları fəaliyyət göstərir. Peyvənd işləri əsasən rayon mərkəzi xəstəxanasında yerinə yetirilir. Bunun üçün xəstəxanada qeydiyyat otağı, peyvənd otağı, həkim, təcili yardım və post vaksin, o cümlədən gözləmə otaqları mövcuddur. Eyni zamanda, rayon üzrə üç sağlamlıq mərkəzində və 4 səyyar qrup tərəfindən vaksinasiya prosesi aparılır. Artıq Füzuli rayonu üzrə 1-ci və 2-ci doza peyvəndin vurulması yekunlaşıb. 3-cü doza üzrə peyvənd olunanlar isə 33 faizdən çox təşkil edir.
Mərkəzi xəstəxananın ictimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Vüqar Əliyev isə qeyd edib ki, pandemiyadan qorunmaq üçün əsas şərtlərdən biri vaksinasiyadan keçməkdir. Bu istiqamətdə mütəmadi olaraq maarifləndirmə işləri görülür.
Rayon mərkəzi xəstəxanasında peyvəndləmə işlərini yerinə yetirmək üçün vətəndaşların məntəqəyə girişi üçün otaq təşkil olunub. Burada vaksin olunacaq vətəndaş termometriya nəzarətindən keçir. Peyvənd vurulan vətəndaşların nəzarəti üçün post vaksinasiya otağında 15-20 dəqiqə nəzarətdə saxlanılır. Həmçinin məntəqədə təcili tibbi yardım otağı da fəaliyyət göstərir, bu da vaksin vurulan zaman hər hansısa allergik reaksiya baş verərsə, lazımi tibbi yardım göstərilməsi üçün nəzərdə tutulub.
Sakinlər də peyvənd olunmağın pandemiyadan qorunmaq üçün ən əsas şərtlərdən biri olduğunu söyləyir və onlara belə imkan yaradıldığına görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirirlər.