REGİONLAR
Füzulidə ağciyər xəstəliklərinin erkən aşkarlanması üçün səyyar tibbi müayinə keçirilib VİDEO
Füzuli, 13 dekabr, Aydın Yavərzadə, AZƏRTAC
Səhiyyə Nazirliyi işğaldan azad olunan ərazilərə köçürülən vətəndaşlar arasında müxtəlif xəstəliklərin aşkarlanması ilə bağlı əhalinin kompleks müayinələrinin aparılması, tibbi konsultasiyaların verilməsi və sağlamlıq məmnunluğunun təmin edilməsi məqsədilə silsilə tədbirləri davam etdirir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, nazirliyin təşkilatçılığı ilə keçirilən növbəti belə tədbir dekabrın 13-də olub. Aksiya zamanı Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun (ETAXİ) tibb heyəti tərəfindən Füzuli şəhərində sakinlər üçün tibbi xidmətlər göstərilib. Aksiyanın məqsədi işğaldan azad edilən ərazilərdə məskunlaşan əhali üçün mütəmadi qaydada səyyar tibbi müayinələrin keçirilməsi yolu ilə əhalinin sağlamlığını yaxşılaşdırmaqdır. Eyni zamanda, tədbir Füzuli sakinlərinin sağlamlığının qorunmasında dəstək və yardım göstərilməsi, həmçinin ağciyər sağlamlığının əsas aspektləri və profilaktik tədbirlər haqqında maarifləndirmə məqsədi daşıyıb.
Müayinələr institutun xüsusi təchiz olunan səyyar klinikasında aparılıb. Aksiya zamanı müxtəlif instrumental-diaqnostik üsullardan istifadə edərək, ağciyərin flüoroqrafiyası, elektrokardioqrafiya, exokardioqrafiya, USM müayinəsi, spirometriya və qan qazının öyrənilməsi həyata keçirilib. Həmçinin vərəm üçün (bəlğəm analizi və latent vərəm infeksiyasının diaqnostikası üçün dəri testləri) ixtisaslaşdırılmış müayinələr aparılıb. Müayinələr nəticəsində səhhətində problem aşkarlanan şəxslərə tibbi məsləhətlər verilib və müvafiq müalicə təyin olunub.
Aksiya zamanı 270-ə yaxın Füzuli sakini müayinələrdən keçib. Həmçinin tədbirdə yerli əhaliyə ağciyər xəstəlikləri və profilaktikası haqqında faydalı məlumatlar verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunan digər ərazilərdə də davamlı olaraq maarifləndirici tədbirlərin və müayinə aksiyalarının keçirilməsi nəzərdə tutulub.