“Gecikmiş etiraf” kitabı çapdan çıxıb
Gəncə, 30 yanvar, Rauf Hacıyev, AZƏRTAC
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan yazıçı-publisist, “Gəncənin səsi” qəzetinin baş redaktoru Rəfiqə Sadıqovanın bu günlərdə dördüncü kitabı çapdan çıxıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, roman, povest və hekayələrin yer aldığı “Gecikmiş etiraf” kitabı həssas, duyğulu, halal zəhməti ilə ucalmağı bacaran insanların həyatından bəhs edir.
Müəllif öz ənənəsinə sadiq qalaraq bu kitabında da cəmiyyəti düşündürən, narahat edən suallara cavab axtarmağa çalışıb. Rəfiqə Sadıqova diqqəti təfərrüata, hadisələrin zahiri tərəfinə deyil, qəhrəmanın daxili aləminə, psixoloji məqamlara yönəldib. Tez unudulan hadisələrdən çox, yaddaqalan xarakter yaratmağa çalışıb.
Kitabda 2 roman, 2 povest və 5 hekayə verilib. Romanlardan fərqli olaraq povest və hekayələr ilk dəfədir ki, işıq üzü görür.
Nəşrə “Ön söz”ün müəllifi, Milli Məclisin deputatı, yazıçı-dramaturq Hüseynbala Mirələmov yazır: “Uzun illər jurnalist kimi fəaliyyət göstərərək böyük oxucu auditoriyası toplayan Rəfiqə Sadıqova istedad və təcrübə ilə yanaşı, güclü hissiyyata malik “emosiyalı qələm” sahibidir”.
Qeyd edək ki, Rəfiqə Sadıqova 2017-ci ildə Prezident mükafatına layiq görülüb. O, Azərbaycan Jurnalistlər Birliyi Gəncə Şəhər Təşkilatının sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. “Qızıl qələm”, Həsən bəy Zərdabi, Ali Media mükafatlarına və “Tərəqqi” medalına layiq görülüb.