GƏDƏBƏYDƏ MÜXALİFƏT PARTİYALARININ SIRALARINI TƏRK EDİRLƏR
Partiyanın Gədəbəy rayon təşkilatının Zəhmət kənd özəyi üzvlərinin AZƏRTAC-a daxil olmuş bəyanatında deyilir:
- Biz 15 oktyabr 2003-cü ildə keçirilən prezident seçkilərində iştirak etmişik. Seçkilərin şəffaf və demokratik şəraitdə keçirildiyini təsdiq edirik. Seçkilərdə seçicilərin çoxunun İlham Əliyevə səs verdiklərinin şahidiyik. İlham Əliyev Gədəbəy rayonu üzrə 94,6 faiz səs toplamışdır.
Biz seçkilərdə məğlubiyyətə uğrayan müxalifət partiyalarının oktyabrın 15-16-da Bakı şəhərində törətdikləri iğtişaşları nifrətlə qaşıladıq. Müsavat Partiyasının başqanı İsa Qəmbər öz hərəkətləri ilə təsdiq etdi ki, ondan prezident olmaz. Xalq İsa Qəmbər kimi naşılara hakimiyyət etibar edə bilməz. Odur ki, partiyanın Zəhmət kənd özəyini buraxır və rayon təşkilatının fəaliyyətinin dayandırılmasını tələb edirik.
Müsavat partiyası Gədəbəy rayon təşkilatı Zəhmət kənd özəyinin sədri Rasif Məmmədov, üzvlər R.Musayev, Ə.Kərimov, O.Məmmədov
X X X
AXCP Gədəbəy rayon təşkilatının üzvləri də bu partiyadan çıxdıqlarını və YAP-a üzv olmaq istədiklərini bildirən bəyanat qəbul etmişlər. Bəyanatda deyilir:
- Müxalifət liderləri 15 oktyabr 2003-cü il tarixdə keçirilən prezident seçkilərində məğlubiyyətə uğradıqlarını gördükdə Bakı şəhərində iğtişaş törətmişlər. Onların hərəkəti vandalizmdir, faşistlərin hərəkətlərindən geri qalmır. Müsavat Partiyasını və ona dəstək verən AXCP, AMİP kimi partiyalar Azərbaycan xalqı qarşısında cinayətlər törətmişlər. Biz onların bu hərəkətlərinə görə AXCP rayon təşkilatının fəaliyyətini dayandırır və AXCP üzvlüyündən çıxaraq Yeni Azərbaycan Partiyasına üzv olmaq arzumuzu bildiririk.
AXCP Gədəbəy rayon təşkilatının sədri Sahib Camal, üzvlər Oruc Quliyev, Pənah Əliyev, Məhərrəm Kərimov, Gülcahan Orucova, Bayram Namazov.