İQTİSADİYYAT
Gələn il neftin qiymətinin dinamikası Azərbaycanın xarici balansına təsir göstərən əsas amillərdən olacaq
Bakı, 30 dekabr, AZƏRTAC
2020-ci ildə qlobal mühitdəki qeyri-müəyyənliklər şəraitində neftin dünya bazarında qiymətinin dinamikası Azərbaycanın xarici balansına təsir göstərən əsas amillərdən olacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə bankın 2020-ci il və ortamüddətli dövr üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında deyilir.
Bəyanata görə, qlobal əmtəə bazarlarında qiymətlərin fərqli dinamikaya malik olacağı proqnozlaşdırılır. Beynəlxalq Valyuta Fondunun son proqnozlarına əsasən, 2020-ci ildə neftin qiyməti 57,9 ABŞ dolları təşkil edəcək ki, bu da əvvəlki illə müqayisədə aşağıdır. Neft məhsullarına tələbdə azalma gözləntiləri onu deməyə imkan verir ki, orta və uzunmüddətli dövrdə neftin qiymətinin pik illərində müşahidə olunan səviyyəyə yüksəlməsi ehtimalı yüksək deyil. Bununla belə bəzi neft ixracatçılarına qarşı sanksiyalar və “OPEC plus” tərəfindən hasilatın tənzimlənməsi siyasəti neft qiymətlərinə növbəti ildə də artırıcı təsir edəcək.
Dünya Bankının proqnozlarına görə, 2020-ci ildə qiymətlərin metal üzrə 5,6 faiz, kənd təsərrüfatı məhsulları üzrə isə 0,6 faiz artacağı gözlənilir. Ümumdünya Ticarət Təşkilatının proqnozuna görə, 2020-ci ildə qlobal ticarətin artım tempi 2,7 faiz təşkil edəcək ki, bu da daha öncəki proqnoz göstəricidən 0,3 faiz bəndi azdır.
Baza ssenari üzrə proqnozlar Azərbaycanda xarici və daxili balans üzrə əldə edilmiş müsbət meyillərin qorunacağını göstərir. 2020-ci ildə qlobal mühitdəki qeyri-müəyyənliklər şəraitində neftin dünya bazarında qiymətinin dinamikası, ticarət tərəfdaşlarında gedən proseslər, habelə idxaldan asılılığın azaldılması və ixrac potensialının artması Azərbaycanın xarici balansına təsir göstərən əsas amillər olacaq. Neftin müxtəlif qiymət ssenarisi üzrə aparılmış simulyasiyalar 2020-ci ildə neftin dövlət büdcəsində nəzərdə tutulan qiymətinin reallaşması halında cari əməliyyatlar hesabının profisitli olacağını göstərir. Əvvəlki illərdə olduğu kimi, növbəti ildə də cari əməliyyatlar balansının profisiti əsasən xarici ticarət balansı hesabına formalaşacaq. Qeyri-neft ticarət balansı ilə yanaşı, xidmət və ilkin gəlirlər balansında da müsbət meyillərin qalacağı proqnozlaşdırılır.