CƏMİYYƏT
Gələn il üçün əmək miqrasiyası kvotasına dair təkliflər müzakirə olunub

Bakı, 21 oktyabr, AZƏRTAC
Gələn il üçün əmək miqrasiyası kvotasına dair təkliflər ölkənin əmək ehtiyatları və əmək bazarında işəgötürənlərin işçi qüvvəsinə tələbləri ilə bağlı aparılmış təhlillər, əmək bazarı ilə əlaqədar proqnozlar əsasında hazırlanıb.
Bu barədə əmək miqrasiyası kvotasının müəyyən edilməsi üçün təkliflərin hazırlanması və bu sahədəki işin əlaqələndirilməsi məqsədilə yaradılmış, bir sıra dövlət qurumlarının təmsil olunduğu komissiyanın iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, o, Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin Azərbaycanın əmək bazarında da inkişaf meyillərinin davamlı xarakter almasına imkan verdiyini vurğulayib.
Komissiyanın sədri olan nazir qeyd edib ki, bu gün dayanıqlı inkişaf proseslərinin mövcud olduğu ölkəmiz xarici əmək miqrantları üçün də cəlbedicidir. Hər il üçün aidiyyəti qurumlarla birgə əmək miqrasiyası kvotasına dair təkliflər hazırlanan zaman ölkənin iqtisadi inkişaf tendensiyaları və əmək bazarının inkişafı üzrə müasir çağırışlar, yerli əmək ehtiyatları təhlil olunur, bu sahədə müvafiq proqnozlar nəzərə alınır.
İclasda iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, xarici işlər nazirinin müavini Xələf Xələfov, təhsil nazirinin müavini İdris İsayev, Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini Vəli Nağıyev, Dövlət Neft Şirkətinin vitse-prezidenti Xalik Məmmədov təkliflərlə bağlı fikirlərini bildiriblər.
Müzakirələrin yekununda 2023-cü il üçün əmək miqrasiyası kvotasına, eyni zamanda 2022-ci ilin təsdiq olunmuş əmək miqrasiyası kvotasına edilmiş dəyişikliklərlə bağlı təkliflərin baxılmaq üçün Nazirlər Kabinetinə təqdim olunması qərara alınıb.