Gənc ixtiraçı: “Reynerci” qurğusu alternativ enerji mənbələrinin inkişafına geniş imkanlar açacaq
Bakı, 2 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkında (YT Park) “TRIZ” layihəsinin təqdimatı keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə iştirakçılar YT Parkın rezidentləri - “AMEA Təcrübə-Sənaye Zavodu” MMC-nin və “Millers-Oils Azərbaycan” MMC-nin yağ və pilotsuz uçan aparatlarının istehsal sahələrinə baxış keçirib, YT Parkın mərkəzləşdirilmiş analitik laboratoriyası və radio ekoloji monitorinq sistemi ilə tanış olublar.
Tədbirdə YT Parkın direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev rəhbərlik etdiyi qurumla Sankt-Peterburq “TRIZ Yaradıcılar Zirvəsi” İctimai Birliyi arasında imzalanan əməkdaşlıq memorandumundan danışıb. Bildirib ki, sənəddə iki müəssisə arasında birgə elmi-texniki proqramların, innovativ layihələrin həyata keçirilməsi, innovasiya və sənaye infrastrukturunun inkişafı sahəsində informasiya mübadiləsinin aparılması nəzərdə tutulur. O, bu istiqamətdə əməkdaşlığın uğurla davam edəcəyinə əminliyini bildirib.
Sonra “Kutvan Holding” şirkətinin rəhbəri Ali Bəy Kutvan və “NG Creators Club” MMC-nin və “TRIZ Yaradıcılar Zirvəsi” İctimai Birliyinin ölkəmizdəki nümayəndəliyinin rəhbəri Natiq Əliyev təmsil etdikləri qurumların fəaliyyətləri və “TRIZ nəzəriyyəsi” barədə danışıblar.
Sonda 15 yaşlı ixtiraçı Reyhan Camalova YT Parkın rəhbərliyinə ona göstərilən dəstəyə görə minnətdarlığını bildirib və gələcək planlarından bəhs edib. O, YT Parkın dəstəyi ilə icad etdiyi yağış sularını elektrik enerjisinə çevirən “Reynerci” qurğusunun prototipi üzərində işlərə başlanılacağını və bu qurğunun alternativ enerji mənbələrinin inkişafına geniş imkanlar açacağını vurğulayıb.