GƏNC MUĞAM İFAÇILARININ BAXIŞ-MÜSABİQƏSİ QALİBLƏRİNİN YEKUN KONSERTİ OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, aprelin 17-də Vahid Poeziya Evində Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə keçirilən gənc muğam, təsnif və xalq mahnıları ifaçılarının baxış müsabiqəsi qaliblərinin yekun konserti olmuşdur.
Tədbirdə muğam ustası, xalq artisti Əlibaba Məmmədov əsrlər boyu xalq tərəfindən yaşadılan bu böyük mənəvi sərvətin öz layiqli qiymətini almasını qürur hissi ilə vurğulamışdır. Bu gün muğama, muğam ifaçılarına dövlət qayğısından söhbət açan natiq Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın dəstəyi ilə bu sənətin inkişafı naminə çox böyük işlərin görüldüyünü bildirmişdir. Əlibaba Məmmədov qeyd etmişdir ki, artıq respublikamızda muğam müsabiqələrinin keçirilməsi ənənə şəklini almışdır.
Vahid Poeziya Evinin direktoru Şahin Verdiyev Bakı şəhərinin və bütün paytaxtətrafı qəsəbələrin mədəniyyət evləri kollektivlərini təmsil edən 60-dan çox gəncin ifasının münsiflər tərəfindən qiymətləndirildiyini, onların sırasından 20 nəfərinin seçildiyini bildirmişdir.
Tədbirdə xalq artisti Əlibaba Məmmədov gənc ifaçılar Ceyhun Quliyev (Ramana qəsəbəsi), İlham Hüseynov, Raday Əzizov (Nizami rayonu), Sənubər Şərifova (Binə qəsəbəsi), Məmməd Nəcəfov (Qala qəsəbəsi) və digər 15 nəfərə baxış-müsabiqənin qalibi diplomunu təqdim etmiş, onlara yaradıcılıq uğurları arzulamışdır.
Sonda baxış-müsabiqə qaliblərinin yekun konserti olmuşdur.