MƏDƏNİYYƏT
Gənc Tamaşaçılar Teatrı Azərbaycanı növbəti beynəlxalq teatr festivalında təmsil edəcəkdir
Bakı, 17 yanvar (AZƏRTAC). Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində Azərbaycanda keçirilən irimiqyaslı mədəniyyət layihələri, o cümlədən teatr sənətinə aid beynəlxalq forumlar, festivallar və tədbirlərdə dünyanın müxtəlif ölkələrindən tanınmış teatr mütəxəssisləri ilə aparılan danışıqlar və yaradıcılıq əlaqələri artıq öz bəhrəsini verməkdədir.
Belə yaradıcılıq əlaqələrindən biri də ötən ilin noyabrında Bakıda ilk dəfə keçirilmiş birinci Beynəlxalq kukla teatrları festivalında Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ölkəmizə dəvət olunmuş Beynəlxalq Monotamaşalar Festivalının direktoru ilə qurulmuşdur. Məhz bu əlaqələrin nəticəsidir ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yanvarın 19-dan 28-dək BƏƏ-nin Əl-Füceyrə əmirliyində V Mono dram tamaşalar festivalında ölkəmizi təmsil edəcəkdir.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, festivalda Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun quruluşunda Avstriya dramaturqu Peter Turininin “Axır ki” monotamaşası nümayiş olunacaqdır. Qurban İsmayılovun oynayacağı tamaşanın səs rejissoru Vadim Kuskovdur.
Avropada kifayət qədər tanınmış dramaturq olan P.Turininin yaradıcılığına Azərbaycan teatrı ilk dəfədir ki, müraciət edir. Müəllifin ən çətin pyeslərindən olan “Axır ki, qurtardı…” monopyesi Gənc Tamaşaçılar Teatrının səhnəsində “Vəssalam” adı ilə hazırlanmışdır.
Festivalda Gənc Tamaşaçılar Teatrının kollektivi ilə yanaşı, Xalq Artist Şüküfə Yusubova, teatrşünas alim, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aydın Talıbzadə, beynəlxalq layihələr üzrə əlaqələndirici Şaiq Səfərov və rejissor Bəhram Osmanov da iştirak edəcəklər.