Gənc Tamaşaçılar Teatrı balaca tamaşaçılarını sevindirəcək
Bakı, 17 mart, AZƏRTAC
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı kollektivi həftəsonu iki tamaşanın premyerası ilə çıxış edək.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, martın 18 və 19-da saat 12.00, 14.00 və 16.00-da E.Uspenskinin “Çeburaşka” əsərləri əsasında hazırlanan tamaşa təqdim olunacaq. Sonrakı günlərdə teatr bir-birindən maraqlı səhnə əsərləri ilə azyaşlı tamaşaçılarının görüşünə gələcək.
Belə ki, sənət ocağının səhnəsində martın 19-da “Çeburaşka”, 21-də “Çəkməli pişik”, 22-də “Qoğalın sərgüzəştləri”, 23-də “Danışan gəlincik”, 24-də “Çippolino” və 25-də isə “Əlibaba və qırx quldur” tamaşaları izləniləcək. Tamaşalar gün ərzində üç seans olmaqla saat 12:00, 14:00 və 16:00-da nümayiş ediləcək.
Tamaşalardan əvvəl Novruz bayramının məşhur personajları Keçəl və Kosa səhnəyə çıxaraq balacaları təbrik edəcək, Novruz haqqında şeirlər, mahnılar səsləndiriləcək.
Biletləri mərkəzləşmiş kassa və “ASAN xidmət” filiallarından əldə etmək olar.