Gənc yazarların şeirlərindən ibarət antologiya çap olunub
Bakı, 29 yanvar, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xətai rayon Mərkəzi Kitabxana Sisteminin (MKS) mərkəzi kitabxanasında gənc şairlərin şeirlərindən ibarət “Günəşin nuru” adlı antologiyanın təqdimatı keçirilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, antologiyada Asif Əliyev, Aysel Nəsirzadə, Ceyhun Şirvani, Çiçək, Çingiz Səmədli, Esmira Günəş, Humay Nur və başqalarının şeirləri nəşr olunub.
Layihə rəhbəri Esmira Günəş qeyd edib ki, kitabın təqdimatı ölkəmizin bütün regionlarında təşkil olunacaq. O, ilk təqdimat mərasiminin təşkilində onlara kömək edən Xətai rayon MKS-nin kollektivinə öz təşəkkürünü bildirib və gənc yazarlara dəstək olduqları üçün minnətdarlığını söyləyib.
Tədbirdə gənc yazarlar öz şeirlərindən nümunələr səsləndiriblər.
Sonda Xətai rayon MKS-nin direktoru Həmidə Məmmədova gənc yazarlara uğurlar arzulayıb.