CƏMİYYƏT
Gəncə şəhərində qətl törətmiş şəxs tutularaq istintaqa cəlb edilmişdir
Bakı, 2 aprel (AZƏRTAC). Martın 30-da saat 21 radələrində Bayramova Gülnarə Teymur qızının kəsilmiş-deşilmiş yara xəsarətləri ilə Gəncə şəhər 3 nömrəli Təcili Tibbi Yardım Stansiyasına gətirilməsi və aldığı xəsarətlərdən orada ölməsi barədə daxil olmuş məlumatla əlaqədar şəhər prokurorluğunun və polis idarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirmiş, maddi sübutlar götürülmüş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.
Fakta görə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmişdir.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, 1971-ci il təvəllüdlü Natiq Bayramovun martın 30-da saat 19 radələrində Gəncə şəhərində yaşadığı evində şəxsi münaqişə zəminində arvadı Gülnarə Bayramovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək onu qəsdən öldürməsində əsaslı şübhələr olduğundan o, tutularaq istintaqa cəlb edilmişdir.
N.Bayramova Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.