Gəncədə alimlər üçün regional məsləhət seminarı keçirilmişdir
Gəncə, 21 iyun (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu Gəncədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müvafiq qurumlarından, sahə elmi-tədqiqat institutlarından, universitetlərdən və elmlə əlaqəli digər qurumlardan olan alim və mütəxəssislərin iştirakı ilə regional məsləhət seminarı keçirmişdir.
AZƏRTAC xəbər verir ki, AMEA-nın Gəncə Bölməsinin direktoru, akademiyanın müxbir üzvü Fuad Əliyev, Azərbaycan Elmi-Tədqiqat Bitki Mühafizə İnstitutunun direktoru, akademik Siddiqə Məmmədova seminarın əhəmiyyətindən danışmışlar.
Tədbirdə 2009-cu ildən fəaliyyət göstərən Elmin İnkişafı Fondunun gördüyü işlərdən bəhs edən sənədli film nümayiş olunmuşdur.
Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru, professor Elçin Babayev məruzə ilə çıxış edərək ümummilli lider Heydər Əliyevin hakimiyyəti illərində elm, təhsil və mədəniyyətin inkişafı sahəsində əldə olunmuş nailiyyətlərdən söhbət açmış, Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin yeni, davamlı inkişaf strategiyasından və onun uğurlarından danışmış, ölkəmizin iqtisadi potensialının və dünyada imic və nüfuzunun daha da artdığını qeyd etmişdir.
Seminarda Fondun qrant müsabiqələri, onların növləri, müsabiqələrdə iştirak şərtləri, elmi prioritetlər, ərizə və sənədlərin qaydaları haqqında, eləcə də beynəlxalq əlaqələrin genişləndirilməsində, birgə qrant müsabiqələrinin keçirilməsi üzrə əməkdaşlıq sahəsində həyata keçirilən konkret planlar haqqında ətraflı məlumat verilmişdir.
Bildirilmişdir ki, Elmin İnkişafı Fondu Gəncə regionundan bir neçə qrant layihəsini həyata keçirməyi müəyyənləşdirmişdir. Regionun elmi potensialının geniş olduğu nəzərə alınaraq humanitar və ictimai elmlər, biologiya və aqrar elmləri sahələrində daha çox qrant layihələrinin təqdim olunması məqsədəuyğundur.
Seminarın sonunda iştirakçıların elmin inkişafı ilə bağlı fikirləri səsləndirilmiş, bəzi suallara aydınlıq gətirilmişdir.