SİYASƏT
Gəncədə Ermənistan ordusunun törətdiyi terror nəticəsində zərərçəkmiş ailələrlə görüş olub VİDEO
Gəncə, 19 oktyabr, M.Əlioğlu, foto İ.Cəfərov, AZƏRTAC
Oktyabrın 19-da Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Türkiyənin Gəncədəki baş konsulu Zəki Öztürk ermənilərin Gəncəyə dinc sakinlərin yaşadığı məntəqələrə atdığı raket zərbələri nəticəsində evləri dağılmış və müvəqqəti olaraq yataqxanada məskunlaşmış sakinlərlə görüşüblər.
AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, görüşdə şəhər icra hakimiyyətinin başçısı zərərçəkən sakinlərin problemləri ilə maraqlanıb.
Bildirib ki, Prezident İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən bütün zərərçəkmişlərə yardımlar edilir. Dövlətimiz tərəfindən onlara bütün lazımi köməkliklər göstərilir, qayğı və problemləri ilə maraqlanılır. Zərərçəkmişlərə kirayədə qalmaları və gündəlik qayğılarını qarşılamaq üçün maddi yardımlar edilir.
Ermənistanın mülki vətəndaşların yaşayış məntəqələrinə endirdiyi raket zərbələrini qınadığını deyən Zəki Öztürk bildirib ki, Azərbaycan dövləti həmişə öz vətəndaşlarının yanındadır. Biz də Türkiyə olaraq zərərçəkmişlərə yardım göstərməkdə davam edəcəyik.
Sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Türkiyənin Gəncədəki baş konsulu Zəki Öztürk sakinlərlə birlikdə şam yeməyi yeyiblər, uşaqlara hədiyyələr verilib.