SİYASƏT
Gəncədə gənclərlə görüş keçirilmişdir
Gəncə, 1 fevral (AZƏRTAC). Gənclər Günü ilə əlaqədar Gəncədəki olimpiya idman kompleksində görüş keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, şəhər rəsmilərinin, ali və orta ixtisas məktəbləri kollektivlərinin, eləcə də fəal gənclərin iştirakı ilə keçirilən görüşdə çıxış edən şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətindən, qəbul olunmuş qanun və hüquqi aktlardan, eləcə də müvafiq Dövlət Proqramının uğurla həyata keçirilməsindən danışmışdır.
Sonra gənclər söz alaraq öz arzu və təkliflərini bildirmişlər.
Görüşdə şəhər gənclər və idman baş idarəsinin rəisi Müşfiq Cəfərov, YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin sədri Fərid Dünyamalıyev, Gəncə Dövlət Universitetinin, Azərbaycan Dövlət Aqrar Universitetinin tələbə gənclər təşkilatlarının sədrləri Nigar Talıbova və Əli Tağıyev çıxış edərək gəncləri ölkənin və şəhərin ictimai-siyasi, mədəni həyatında və digər sahələrdə daha fəal iştirak etməyə çağırmışlar.
Sonda bir qrup fəal gəncə fəxri fərmanlar və hədiyyələr təqdim olunmuşdur.