Gəncədə məişət tullantıları müəssisəsi yaradılacaqdır
Gəncə, 8 fevral (AZƏRTAC). Almaniya hökumətinin təşəbbüsü ilə Gəncədə məişət tullantılarının kompleks idarə edilməsi üçün yeni layihənin həyata keçirilməsi məqsədəuyğun hesab edilmişdir. Bu məqsədlə Gəncə Şəhər İcra hakimiyyəti, İqtisadi İnkişaf Nazirliyi və Almaniya Hökumətinin birgə razılığına əsasən keçən ilin sentyabrından layihənin texniki-iqtisadi göstəricilərinin hazırlanmasına başlanılmışdır.
Fevralın 7-də Gəncədəki “Ramada-plaza” otelində ötən dövr ərzində layihə üzərində aparılan işlərin gedişi ilə bağlı müzakirələr aparılmışdır. Müzakirələrdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlham Əliyev, almaniyalı mütəxəssislər Nils Kristensen, Hakan Yılmaz, Almaniya Hökumətinin nümayəndəsi Sandra Hannuş çıxış edərək ötən dövr ərzində layihə üzərində aparılan işlərdən danışmışlar.
Bildirilmişdir ki, layihənin həyata keçirilməsi şəhərdə məişət tullantılarının yığılması, nəqli, çeşidlənməsi, təkrar emalı və kənd təsərrüfatı üçün lazım olan mineral gübrələrin istehsalı ilə bərabər ekologiyanın qorunmasına da xidmət göstərəcəkdir.