CƏMİYYƏT
Gəncədə qida sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Bakı, 8 fevral, AZƏRTAC
Gəncə şəhərində Qida Təhlükəsizliyi Agentliyi qida sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirib.
Gəncə, Samux, Göygöl, Naftalan və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarların iştirak etdiyi görüşdə Qida Təhlükəsizliyi Agentliyinin Aparat rəhbəri Elxan Mikayılov əhalinin təhlükəsiz qida məhsulları ilə təmin olunması sahəsində son illər həyata keçirilən tədbirlər haqqında iştirakçıları məlumatlandırıb, qida sənayesi sektorunda müasir standartların tətbiqindən danışıb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı idxal-ixrac əməliyyatları zamanı qida məhsullarının təhlükəsizliyinin təmin olunmasına nəzarət imkanları daha da genişləndirildiyi, həyata keçirilən islahatların ölkəmizin kənd təsərrüfatı və qida sənayesi sektorları üzrə ixracatın inkişafına töhfə verməklə yanaşı, daxili və beynəlxalq bazarlarda istehlakçıların ehtiyaclarına cavab verən yüksəkkeyfiyyətli və təhlükəsiz məhsulların istehsalına kömək göstərdiyi qeyd edilib.
Görüşdə sahibkarları maraqlandıran məsələlər müzakirə olunub, heyvan sağlamlığı sahəsinə nəzarət sisteminin formalaşdırılması, heyvan kəsiminin tənzimlənməsi, bitkiçilik məhsullarının zərərli orqanizmlərinə qarşı mübarizə tədbirlərinin aparılmasının vacibliyi diqqətə çatdırılıb. Eyni zamanda, zərərli orqanizmlərə qarşı kimyəvi maddələrin ən son həddə istifadə olunması və bu zaman norma və qaydalara riayət edilməsi tövsiyə olunub.
Görüşdə sahibkarları maraqlandıran suallar cavablandırılıb və onların problemlərinin həlli istiqamətində fikir mübadiləsi aparılıb.