Gəncədə Şahmat Məktəbinin yeni binası istifadəyə verilib
Gəncə, 28 aprel, Rauf Hacıyev, AZƏRTAC
Gəncə şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin müasir şəkildə təchiz edilmiş yeni binasının açılışı olub.
Açılış mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin kollektivi, idmançılar və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən icra hakimiyyətinin başçısı Elmar Vəliyev Prezident İlham Əliyevin bütün sahələrə olduğu kimi, təhsil və idmana göstərdiyi diqqət və qayğıdan danışıb.
Gəncə şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin şagirdi Leyla Budaqova çıxışında bildirib ki, 2015-ci ildə Tailandda keçirilən dünya birinciliyinin qalibi, 2017-ci ildə isə Rumıniyada dünya birinciliyinin bürünc mükafatçısı olub. Leyla Budaqova yeni binada yaradılan gözəl şəraitdən yararlanaraq parlaq qələbələri ilə gəncəliləri sevindirəcəyini, Azərbaycan bayrağını və Gəncənin adını yüksəklərə ucaldacağını deyib.
Gəncə şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin müdiri Asif Həsənov qeyd edib ki, hazırda məktəbdə qeydiyyatda olan 1058 şagirdə 58 müəllim tərəfindən şahmatın sirləri öyrədilir. Həmin şagirdlərdən 268 nəfərinə məktəbin özündə, digərlərinə isə şəhərin təhsil müəssisələrində 41 məşqçi-müəllim tərəfindən intellektual zəka oyununun üstünlükləri mənimsədilir.
Yeni binada şagirdlər üçün 7 şahmat sinfi otağı və 1 zal yaradılıb. Məktəbin sinif otaqları zəruri inventarla təchiz edilib. Məktəbin zalında 200-250 şagird eyni vaxtda müxtəlif turnir və yarışlarda mübarizə apara biləcək.
Bildirilib ki, məktəb 1980-ci ildən bəri çoxlu sayda beynəlxalq qrossmeyster, beynəlxalq usta, Avropa və dünya birinciliklərinin mükafatçılarını yetişdirib. Beynəlxalq qrossmeysterlər Vüqar Rəsulov, Ülviyə Fətəliyeva və beynəlxalq ustalar - Ayaz Məmmədov, Nicat Ağayev, Səbinə İbrahimova isə Gəncə Şahmat Məktəbinin son 7 ildəki yetirmələridir.
Sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, məktəbin kollektivi və tədbir iştirakçıları binada yaradılan şəraitlə tanış olublar.