Gəncədə şəhid kapitan İnqilab Quliyevin xatirəsi anılıb
Gəncə, 5 aprel, Rauf Hacıyev, AZƏRTAC
2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində gedən döyüşlər zamanı şəhid olmuş kapitan İnqilab Quliyevin xatirəsi anılıb.
Anım mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri və şəhidin ailə üzvləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səhər saatlarında Şəhidlər xiyabanına gələn icra hakimiyyətinin başçısı Niyazi Bayramov və ictimaiyyət nümayəndələri şəhid kapitan İnqilab Quliyevin məzarını ziyarət edib, üzərinə tər çiçəklər düzüblər. Şəhidin ruhuna dualar oxunub.
Şəhər icra hakimiyyətinin başçısı şəhidin atası Çingiz Quliyevlə görüşüb, ailə üzvlərinin qayğıları ilə maraqlanıb. Söhbət zamanı dilə gətirilən bir sıra məsələlərin araşdırılaraq, dərhal aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib.
Xatırladaq ki, İnqilab Quliyev 1983-cü il aprelin 13-də anadan olub. 2016-cı il aprelin 4-də Azərbaycan-Ermənistan təmas xəttində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Aprelin 5-də Gəncənin Şəhidlər xiyabanında torpağa tapşırılıb. Kapitan İnqilab Quliyev göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilib. Şəhidin iki oğlu yadigar qalıb.