REGİONLAR
Gəncədə Vətən müharibəsi şəhidi baş leytenant Elgün Xıdırovun xatirəsi anılıb
Gəncə, 1 may, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Şəhər Mərkəzi Kitabxanasının oxu zalında şəhid baş leytenant Elgün Xıdırovun xatirəsinə həsr olunan “Zəfər salnaməsinin qəhrəmanları - Şəhidlər” adlı anım mərasimi keçirilib.
Kitabxanadan AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, tədbirdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi sükut dəqiqəsi ilə yad edilib.
Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor əvəzi Fəridə Qədimova mərasimdə çıxış edərək diqqətə çatdırıb ki, rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində əsl qəhrəmanlıq nümunəsi göstərək tarix yazdı. Müharibədə dəmir yumruq kimi birləşən xalqımız sarsılmaz milli birlik nümunəsi sərgilədi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın azad olunması uğrunda aparılan 44 günlük Vətən müharibəsində böyük igidlik və şücaət, rəşadət göstərən Ordumuz öz gücünü, peşəkarlığını bütün dünyaya nümayiş etdirdi.
Goranboy rayonunun Xoylu kənd tam orta məktəbinin direktoru Sarvan Bayramov və tarix müəllimi Sübhi Novruzov müharibədə qəhrəmanlıq dastanı yazan Elgün Xıdırovun təhsil illərindən bəhs edərək, bildiriblər ki, Elgün Xıdırov əxlaqı və tərbiyəsi ilə həmişə seçilib. Onun vətənpərvərliyi hər kəsə nümunə olub. Elgün Xıdırov kimi qəhrəmanlar Azərbaycan xalqı var olduqca qəlblərdə daim yaşayacaq və heç vaxt unudulmayacaq.
Döyüş yoldaşları Elgün Xıdırovun qısa, lakin şərəfli ömür və döyüş yolundan, göstərdiyi şücaətlərdən danışıblar.
Tədbirdə çıxış edənlər Elgün Xıdırovun vətənpərvərliyindən, döyüşlərdə qəhrəmanlıq və fədakarlıq nümunələri göstərməsindən söz açıblar. Bildirilib ki, baş leytenant Elgün Xıdırov 2020-ci il sentyabrın 27-də Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda başlayan Vətən müharibəsində Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıb. Hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün qəhrəman döyüşçü “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub.
Sonra şagirdlər Vətənə və şəhidlərə həsr olunan şeirlər səsləndirib, kompozisiyalar nümayiş ediblər. Tədbirdə şəhidin həyat yolunu əks etdirən videoçarxlar da nümayiş olunub.
Tədbir iştirakçıları ölkəmizdə şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıya, hərtərəfli dəstəyə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.