Gəncədə xarici mütəxəssislərin iştirakı ilə keçirilən təlimlər başa çatıb
Gəncə, 29 yanvar, Rauf Hacıyev, AZƏRTAC
Gəncə və ətraf regionlardan olan uşaq inkişafı mütəxəssislərinin bilik və bacarıqlarının artırılması məqsədilə keçirilən təlimlər uğurla başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gürcüstandan dəvət olunmuş təlimçilər Tamar Kevxişvili və Nino Mikaia Gəncə, Tovuz, Yevlax, Ağdaş, Ağstafa, Samux və Goranboyda fəaliyyət göstərən uşaq inkişafı mütəxəssislərinə müxtəlif reabilitasiya mövzularında təlimlər keçiblər..
Təlimin sonuncu günündə amerikalı mütəxəssis Tammie Lenert iştirakçılarla xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması, müasir metodların öyrənilməsi mövzularında söhbətlər aparıb.
Gəncə şəhər Gənclər Evində baş tutan təlimlər 7 gün davam edib.
Təlimlər UAFA, Gəncə Avro-Atlantik Məlumat Mərkəzi və “Əlil insanlar üçün Mərkəz” (Gürcüstan) təşkilatları ilə birlikdə “Azərbaycanın Gəncə-Qazax və Gürcüstanın Kvemo-Kartli regionlarında sağlamlıq imkanları məhdud olan uşaqlar üçün yeni sosial xidmətlərin göstərilməsi ilə bağlı sərhəd bölgələri arasında əməkdaşlığın gücləndirilməsi” layihəsi çərçivəsində təşkil edilib.
Avropa İttifaqının maliyyə dəstəyi, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin idarəçiliyi ilə həyata keçirilən layihə Şərq Tərəfdaşlığı ölkələrinin Ərazi Əməkdaşlıq Proqramının “Azərbaycan və Gürcüstan arasında Ərazi Əməkdaşlıq Proqramı” çərçivəsində icra olunub.