REGİONLAR
Gəncədə “Xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial və psixoloji reabilitasiyasının gücləndirilməsi" layihəsi başa çatıb
Gəncə, 1 may, Elcan Məmmədov, AZƏRTAC
“Regional inkişaf üzrə maarifləndirmə” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Gəncədə “Xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial və psixoloji reabilitasiyasının gücləndirilməsi" layihəsinin icrasını uğurla başa vurub.
İB-dən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, layihə dövründə 30 xüsusi qayğıya ehtiyacı olan uşaq üçün intensiv reabilitasiya məşğələləri və onların valideynləri üçün psixoloji və sosial-hüquqi reabilitasiya xidməti təşkil olunub.
Həyata keçirilmiş reabilitasiya məşğələləri nəticəsində reabilitasiyaya cəlb olunan uşaqlarda bir sıra müsbət dəyişikliklər baş verib. Belə ki, onların davranış vərdişləri və bacarıqlarında olan inkişaf hiss edilib, qrup və ətrafdakı olan insanlara uyğunlaşmaq prosesi artıb, ictimai qaydalara riayət etmək bacarığı və vərdişləri yaranıb. Bir çox nitq qüsuru olan uşaqlarda müsbət nəticə əldə olunub.
Qeyd edək ki, mərkəzin fəaliyyətindən bəhrələnən uşaqlarda autizm, daun sindromu, əqli gerilik və nitq qüsuru çoxluq təşkil edir.